Soyğunçuluq edən şəxs saxlanıldı

29/01/2019 - 20:05 625 0   0  

Yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən alıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib. Amma orada istəyinə nail ola bilməyən C.Sultanov F.Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.

Saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün F.Həsənovun özünə geri qaytarıb.

Qeyd edilən faktla bağlı 18-ci Polis şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib

Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.