​SON DƏQİQƏ: 4 namizəd Madər Musayevə qarşı birləşdi!

09/02/2020 - 00:16 270 0   0  

10 saylı Binəqədi üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Rəbiyyə Məmmədova, Gülağa Aslanlı,Könül İsmayılova və Qorxmaz İbrahimli seçkilərlə bağlı birgə bəyanat yayıb.
Suveren.az
 həmin bəyanatı olduğu kimi dərc edir:
"Bəzi məntəqə seçki komissiyalarından daxil olan məlumlarata görə, 10 saylı Binəqədi üçüncü seçki dairəsinin sədri İsgəndər Əliyev dairə üzrə seçkilərin nəticələrini hazırkı deputat Madər Musayevin xeyrinə saxtalaşdırmaq barədə məntəqə seçki komissiyalarının sədrlərinə bir sıra göstərişlər verib. Həmin göstərişlərə əsasən M. Musayevə veb kameralar quraşdırılan məntəqələrdə 40 %, digər məntəqələrdə isə 50 %-dən çox səs yazılmalıdır və o, seçki dairəsi üzrə seçilmiş elan olunmalıdır. Seçki dairəsi üzrə 2-ci yer YAP-ın namizədi Anar Əliyevə məxsus olmalıdır. Digər namizədlərə isə yaşadıqları məntəqələrə uyğun neçə faiz səs yazılacağı barədə göstəriş seçki günü veriləcək.
Bundan başqa, seçki dairəsi üzrə məntəqələri gəzərək M.Musayevin lehinə səs vermək üçün təxminən 20 nəfərlik qrup yaradılıb və həmin şəxslər haqqında məlumatlar məntəqə seçki komissiyalarının sədrlərinə verilib. Həmin şəxslər qrup şəklində səsvermə otağına daxil olarkən onların barmağının işarələnməsini yoxlamalı olan komissiya üzvü ultrabənövşəyi lampanı işə salmadan onların sol əlinin baş barmağına və ya gözəgörünməz mürəkkəb vurulmayan hissəyə yönəltməlidir. Həmin şəxslər səsvermə bülleteni alarkən seçici siyahısında başqa şəxslərin əvəzinə imza atmalıdırlar.
Daxil olan məlumatlarda həmçinin bildirilir ki, İsgəndər Əliyev məntəqə seçki komissiyalarının sədrlərinə bizim təyin etdiyimiz məşvərətçi səs hüquqlu komissiya üzvlərini və onun maraqlarımızı təmsil edə müşahidəçiləri nəyin bahasına olursa-olsun zərərsizləşdirməyi tapşırıb. Bu məqsədlə idmançı gənclərdən ibarət xüsusi qrupun hazırlandığını və istənilən vaxtda məşvərətçi səs hüquqlu komissiya üzvlərinə və müşahidəçilərə zor tətbiq edəcəklərini də bildirib.
İsgəndər Əliyev həmçinin seçki dairəsinin ərazisində yerləşən hərbi hissə rəhbərlərinə hərbi qulluqçuların M.Musayevdən başqa digər namizədlərə səs verməmələrini bildirib.
Biz 10 saylı Binəqədi üçüncü seçki dairəsində seçkilərin nəticələrinin saxtalaşdırılması üçün görülən hazırlıqları müvafiq qurumların nəzərinə çatdırmaqla onlardan bu qanunsuz müdaxilələrin və saxtalaşdırmaların qarşısını almaq, saxtalaşdırma hazırlıqlarını görən şəxsləri qanunauyğun şəkildə cəzalandırmaq üçün ciddi tədbirlər görməyi təkidlə tələb edirik".