ŞOK QƏRAR: Poroşenko Rusiya ilə dostluğa son qoydu

10/12/2018 - 19:49 1 090 0   0  

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb.

Suveren.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısı Tvitter hesabında bildirib.

Qeyd edək ki, dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul edib. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu ili 1 aprel tarixindən dostluq müqaviləsi qüvvədən düşür.

Xatırladaq ki, iki dövlət arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsi 1997-ci ildə imzalanıb. Sənəd qarşılıqlı hörmət prinsipləri əsasında əməkdaşlığı, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörməti, mübahisələrin sülh yolu ilə nizamlanmasını, güc və ya iqtisadi də daxil olmaqla, təzyiqin başqa üsullarının tətbiq edilməməsini nəzərdə tuturdu.

Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub.