Səlim Müslümovdan qalan tək müavin... - Səbəbi çox sadədir...

17/11/2018 - 09:31 2 857 0   0  

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev tutduğu vəzifədən azad edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

İdris İsayev İlham Əliyevin imzaladığı digər sərəncamla təhsil nazirinin müavini təyin olunub. Bununla da Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun müavinlərinin sayı 3-ə çatıb.
Qeyd edək ki, Səlim Müslümov 2013-cü ildə nazir təyin ediləndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki müavin vardı. 2014-cü ildə Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə” sərəncamının 5.4.-cü bəndinə əsasən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı iki nəfər artırılmaqla 4 nəfər müəyyən olundu.
Prezidentin sərəncamı ilə İdris İsayev və Mətin Kərimli əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin edildilər. Səlim Müslümov nazir postunu itirdikdən sonra isə nazirlikdə ciddi kadr dəyişiklikləri başladı. Bir müddət əvvəl Anar Əliyev və Vüsal Nəsirli yeni nazir müavini təyin ediliblər.
Son olaraq prezidentin sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İlqar Rəhimov vəzifəsindən azad edildi. Səlim Müslümov dövründən işləyən bir müavin isə postunu hələ ki saxlayır. Bu Mətin Kərimlidir. M.Kərimli kənd təsərrüfatı naziri İnam Kərimlinin qardaşıdır.
“Yeni Müsavat” xəbər verir ki, təhsil nazirinin yeni müavini İ.İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü il 31 oktyabr tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib. İqtisadi sahədə bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsində və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsində səmərəli fəaliyyət göstərib. Azərbaycan prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.
Qeyd edək ki, təhsil nazirinin bunadək iki müavini vardı. Məhəbbət Vəliyeva bu ilin iyununda nazir müavini təyin olunub. Firudin Qurbanov isə 2014-cü ilin iyulundan nazir müavini işləyib.