ŞİRKƏTLƏRİN REYESTRİNDƏ “İKİNCİ PƏNCƏRƏ” AÇILSA…

16/04/2019 - 00:38 1 279 0   0  

Kommersiya şirkətləri haqda məlumatların açıqlığı ölkədə şəffaflığın səviyyəsindən asılıdır. Bəzi ölkələrdə bu məlumatlar ictimaiyyətə tam açıqdır, ofşor bölgələrdə isə, demək olar ki, əlçatmazdır. Başqa bir dəyərləndirməyə görə, korrupsiyanın dərinliyi artdıqca, şirkətlər, onların təsisçiləri və maliyyə durumu barədə rəsmi bilgilər azalır. Azərbaycandakı kimi...

Azərbaycanda şirkətlərin təsisçiləri və onların payları haqda məlumatlar kommersiya sirri hesab olunur və konfidensial informasiya kimi qorunur. 2012-ci ilin iyulundan belədir. 2008-ci ilin yanvar ayından kommersiya təşkilatları dövlət qeydiyyatına Vergilər Nazirliyində, “bir pəncərə” prinsipi üzrə alınırdı və indi sirr sayılan məlumatlar onda nazirliyin internet səhifəsi və mətbu orqanı vasitəsilə açıqlanırdı. Həmin dövrdə istənilən şəxs, həm də əvvəlki illərdə qeydiyyata alınmış firma və şirkətlərin dövlət reyestri məlumatlarını məhdudiyyətsiz şəkildə, heç bir ödəniş etmədən, qeydiyyat orqanına yazılı müraciət göndərməklə əldə edə bilirdi. Qanunvericiliyə dəyişikliklərdən sonra, daha dəqiq desək, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara əlavələr qüvvəyə minəndən (2012-ci il, 1 iyul) sonra yaradılan şirkətlərin təsisçilərinin kimliyini müəyyən etmək, yumşaq desək, çətinləşib.

Təsisçi haqda bilgi yalnız o halda açıqlanır ki...

Vergilər Nazirliyi kommersiya şirkətlərinin təsisçiləri barədə məlumatları yalnız istisna hallarda açıqlaya bilər. Məsələn, məhkəmə, istintaq və təhqiqat orqanları, zərurət yaranarsa, bu məlumatları sorğu əsasında əldə edə bilərlər. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun pozulması faktı müəyyən olunduğu halda təsisçilərin adları Maliyyə Monitorinq Xidmətinə açıqlanır. Əgər şirkətin fəaliyyəti hüquq-mühafizə orqanlarının “diqqət dairəsinə” düşübsə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri təsisçilərin kimliyini Vergilər Nazirliyindən əldə edir. Bundan başqa, məhkəmə qərarının icrası təsisçiyə məxsus əmlaka yönəlirsə, onun kimliyi haqda məlumatı nazirlikdən məhkəmə icraçıları da ala bilərlər. Vəkillər və notariuslar da müvəkkillərinin və xidmət göstərdikləri şəxslərin maraqları dairəsinə düşən şirkətlərin sirr hesab olunan reyestr məlumatları ilə öz səlahiyyətləri çərçivəsində tanış ola bilərlər. Əgər şirkətdə təsisçilərdən birisizsə, yaxud təsisçinin vərəsəsisinizsə, digər təsisçilərin kimliyini Vergilər Nazirliyi vasitəsilə öyrənmək sizin haqqınızdır. Qanunda təsisçilər barədə məlumatların üçüncü şəxslərə verilməsinin mümkünlüyü də əks olunub. Lakin bundan ötrü şirkətin rəhbərliyinin razılığı lazımdır. Təcrübədə bunun başvermə ehtimalı çox azdır. Çünki təsisçilərin kimliyini maraqlı şəxsə çatdırmaqdan çəkinməyən şirkət ona Vergilər Nazirliyinin qapısını göstərməz. (Üstəlik, bunun üçün quruma razılıq məktubu göndərmək tələb olunur.)

Şirkətlər haqda nəyi bilmək olar?

Hazırda dövlət qeydiyyat orqanı kommersiya qurumları haqda məhdud çərçivədə məlumat verir. Bunlar şirkətin (Azərbaycanda nümayəndəlik və ya filialla təmsil olunan xarici şirkətin) adı, vergi eyniləşdirmə nömrəsi (VÖEN), təşkilati-hüquqi forması, nizamnamə kapitalının məbləği, maliyyə ilinin başlanması və başa çatması dövrü, qanuni nümayəndənin adı və dövlət qeydiyyatı tarixidir. Bu məlumatların ikisinin ayrıca qrafa ilə təqdim olunmasına praktikada heç bir zərurət yoxdur. Çünki qeydiyyata alınmış kommersiya qurumunun adının qarşısında onun təşkilati-hüquqi forması bir qayda olaraq yazılır. Maliyyə ili isə hamı üçün eynidir, təqvim ili ilə üst-üstə düşür.

Qanunla tələb olunmasa da, 2018-ci ildən başlayaraq Vergilər Nazirliyi kommersiya qurumunun hansı vergi orqanında uçota alındığı haqda məlumatı göstərir. 2019-cu ilin fevral ayından başlayaraq nazirlik daha bir yenilik edib: kommersiya təşkilatının reyestr məlumatlarında ən son dəyişikliyin edildiyi tarix ayrıca qrafa ilə göstərilir. Hələlik, bunun istifadəçilərə ciddi praktik faydası olmasa da, məlumatların zənginləşdirilməsi istiqamətində atılmış addım kimi müsbət qiymətləndirilməyə layiqdir.

Qanun imkan verir: daha çox məlumat almaq olar

Əslində qeydiyyat orqanı kommersiya qurumları haqda (onların mənafelərinə toxunmadan) daha geniş məlumatlar açıqlaya bilər. Buna “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun özü də imkan yaradır. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət reyestri onların qeydiyyatı ilə yanaşı, həm də yenidən təşkili və ləğvi haqda məlumatları əks etdirir. Başqa sözlə, dövlət qeydiyyat orqanı publik reyestr məlumatları arasında şirkətlərin adının, təşkilati-hüquqi formasının nə vaxtsa dəyişdirilməsi, eləcə də şirkətin ləğvi barədə məlumatları təqdim edə bilər. Məsələn, 2013-cü ilin oktyabr ayının 31-də Bakıda “NN-2013 Company” MMC (VÖEN: 1303419081) adıyla, 10 manat nizamnamə kapitalı ilə yaradılan şirkət hazırda “Yalama Aqropark” adını daşıyır. Şirkətin nizamnamə kapitalı isə təsisçinin bir neçə qərarı ilə 27193185 manata qədər qaldırılıb.

Yaxud məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında təsis olunan şirkət sonradan səhmdar cəmiyyəti, yaxud əksinə, ASC və ya QSC sonradan MMC, ya da mənzil-tikinti kooperativi MMC şəklində yenidən təşkil oluna bilər. Bu halda reyestrdə qurumun köhnə təşkilati-hüquqi forması barədə informasiyanın təqdim olunması arzuolunandır. Kommersiya qurumu ləğv olunub, dövlət reyestrindən çıxarıldıqdan sonra onun barəsində məlumat “Ləğv olunmuşdur” yazısı göstərilməklə müəyyən müddət ərzində (azı 5 il) saxlanıla bilər. Bir çox ölkələrdə (Türkiyə, Böyük Britaniya, Rusiya və s.) bu praktika tətbiq olunmaqdadır. Digər tərəfdən, istifadə olunmuş firma adından istifadəyə məhdudiyyətin tətbiqi də (ləğvetmə faktı qeydə alındıqdan sonrakı müəyyən dövr ərzində) qanunvericiliyin təkmilləşdirilməsində nəzərə alınmalı məsələlərdəndir, bu, manipulyasiyanın qarşısını almaqdan ötrü yaxşı olar.

Şirkətlərin nizamnamə kapitalının artırılıb-azaldılması, hüquqi ünvanının, yaxud qanuni təmsilçisinin dəyişdirilməsi barədə aktual olmayan məlumatlar da dövlət reyestrində https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp platforması vasitəsilə açıqlana bilər.

Şirkət kənddə, yoxsa şəhərdədir?

Qanunvericiliyə görə, qurumun hüquqi ünvanı dedikdə, onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvan nəzərdə tutulur. Dövlət qeydiyyatının ərazi aidiyyatı da hüquqi şəxsin, yaxud xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Yəni şirkət qeydiyyat orqanına hüquqi ünvan olaraq Xaçmaz rayonunu təqdim edibsə, o, Quba şəhərində yerləşən 3 saylı Ərazi Vergi İdarəsində uçota alınacaq. Lakin bir çox hallarda hüquqi ünvan formal xarakter daşıyır. Məsələn, son illərdə dövlət qeydiyyatına alınan şirkətlərin çoxunun hüquqi ünvanı kənd yaşayış məntəqələri, ya da şəhər və rayon mərkəzlərində çoxmənzilli yaşayış evlərindəki mənzillərdir. Və bu hüquqi ünvanlar şirkətlərin icra orqanlarının yerləşdiyi məkanlarla üst-üstə düşmür. Bu, korporativ yazışmalarda, poçt göndərişlərində, eləcə də hüquqi tədbirlərin icrasında cavabdehin faktiki yerinin müəyyən edilməsi işinə ciddi əngəl yaradır. Korporativ internet səhifələrinə malik olan şirkətlərdə bu problemi həll etmək olur. Amma ölkədə hətta ən ciddi şirkətlərin bəzilərinin internet saytlarının olmadığını nəzərə alsaq, məsələnin hüquqi həllinin zəruriliyi aydın görünər. Odur ki, dövlət reyestri məlumatlarında həm də şirkətin faktiki yerləşdiyi ünvan, yaxud ünvanlar əks olunmalıdır. Bir çox ölkələrdə reyestr məlumatları arasında köhnə ünvanlar da saxlanılır.

Müşahidə Şurasının üzvləri “kölgədə” qalır

Səhmdarlarının sayı 50-dən çox olan səhmdar cəmiyyətlərində, eləcə də üstün korpotariv idarəetmə sistemini tətbiq etmiş MMC-lərdə Müşahidə və ya Direktorlar Şurası yaradılır. Qanunveriçiliyə əsasən, bu şuraların tərkibi və sədri barədə informasiya (adı, atasının adı, soyadı) dövlət reyestri məlumatı hesab olunur. Şirkətdə nəzarət orqanı funksiyasını yerinə yetirən Müşahidə (Direktorlar) Şurası yaradılırsa, onun tərkibini Vergilər Nazirliyi bir qayda olaraq öz mətbu orqanında (elektron “Vergilər” qəzeti) verir. Açıqlanan dövlət reyestri məlumatlarında isə, nədənsə, bu şuraların tərkibi barədə məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, milli qanunvericiliyə görə, qiymətli kağızları tədavüldə olan şirkətlər illik hesabatlarında həm də nəzarət orqanının tərkibi haqda məlumat verməlidirlər. Bu məlumat şirkətin elektron resurslarında (şirkətlərin korporativ internet saytı, Məlumatların Elektron Açıqlanması Sistemi - https://www.fimsa.az/az/esid) göstərilməlidir. Bu cür açıqlama tələbi (fiziki və ya hüquqi şəxslərin adları, təsis payları və hüquqi qeydiyyat ünvanı) qiymətli kağızları birjada açıq ticarət olunan şirkətlərin təsisçilərinə də şamil olunur. Lakin illik hesabat tələbinə əməl olunmasına dövlət nəzarət orqanlarında (Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası), hələ ki, ciddi yanaşmırlar və qanuna əməl edən şirkətlərin sayı çox azdır.

Dövlət reyestri məlumatlarından biri də qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeridir. Vergilər Nazirliyi bu məlumatlardan yalnız ad, soyad, ata adının açıqlanması tələbinə əməl edir. Hərçənd, qeyd olunan digər məlumatlar da zəruridir, qanuni nümayəndənin (direktor, baş direktor, İdarə Heyətinin sədri və s.) kimliyini müəyyənləşdirməyə imkan verər.

Axtarış sistemi büdcəyə pul gətirə bilər

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının axtarış sisteminin də təkmilləşdirilməsinə ehtiyac var. Hazırda bu sistemdə əsasən iki alət (kommersiya qurumunun adı və VÖEN-i) tətbiq olunmaqdadır. Bundan başqa, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” sistemində axtarış edərkən şirkətin təşkilati-hüquqi formasıyla, ya da üçhərfli konfiqurasiya ilə məlumat tapmaq olar. Yəni, axtardığınız şirkətin adındakı istənilən üç ardıcıl hərfi yazsanız, sistem bu hərflərin ardıcıl olduğu bütün (qeydiyyata alınmış) şirkət adlarını göstərər. Ancaq axtarış sisteminə hüquqi və ya faktiki ünvan, qanuni təmsilçinin adı üzrə alətlərin də daxil edilməsi onun funksionallığını artırar.

Bundan başqa, konfidensial olmayan əlavə informasiyanı əldə etmək istəyən varsa, dövlət qeydiyyat orqanı sistemə daxil olan şəxslərə ödənişli əsəslarla xidmət göstərə, beləliklə, reyestrin dövlət büdcəsi hesabına saxlanma xərclərini xeyli azalda bilər.

Qlobal şəffaflıq təşəbbüslərinə, korrupsiya ilə mübarizə çağırışlarına adekvat yanaşma gec-tez Azərbaycanda da şirkətlərin təsisçilərinin adlarının gizli saxlanılması kimi yanlış təcrübədən imtina edilməsi ilə sonuclanacaq. Bu isə ölkənin həm də nüfuzlu reytinqlərdəki mövqelərinə müsbət təsir göstərəcək.

Dövlət reyestri yazılarının genişləndirilməsi qanunvericilik aktlarına əlavələr edilməsini, bununla bağlı müvafiq formanın işlənərək qəbul olunmasını və elektron qaydada açıqlamalardan ötrü xüsusi proqram təminatının işlənməsini zəruri edir. Lakin bütün bunlar, şəffaflıq standartlarına yaxınlaşmaq, Azərbaycanda da biznesin korporativ idarəetmə prinsipləri əsasında yönəldilməsi kimi pozitiv imicə nail olmaq hədəflərinin yanında asanvə kiçik məsələlərdir.