“Səfir özbaşına maliyyə yoxlaması keçirə bilməz” – Tofiq Zülfüqarov

08/11/2018 - 09:40 2 470 0   0  

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qarşıdurma səngimək bilmir
 

A.Xudiyevin T.Əliyevin 2001-10-cu illərdə səfir olarkən 2,4 milyon yeyintiyə yol verməsi barədə ittiham irəli sürməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsi qalmaqala çevrilib.
Artıq Azərbaycan XİN bu məsələ ilə bağlı araşdırmalara başlayıb. Bu barədə uzun illər Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bu haqda danışıb. Zülfüqarovun fikrincə, burada əsas məsələ Xarici İşlər Nazirliyinin indi araşdırmalara başlamasıdır. “Görünür, bundan öncə mənimsəmə faktı olmayıb. Demək, səfir özbaşına hansısa nəticələrə gəlib. Orada hansısa nöqsanlar varsa, səfirliklərə aid qurumlar mövcuddur. Onlar qərar çıxarmalı və bunun əsasında səfir bu və ya digər addımlar ata bilər. Azərbaycan səfirliyi üstündə qanunlarımız durur. Ondan irəli gələn addımlar atılır. Əgər yeyinti halları varsa, Azərbaycanın hüquq-mühafizə orqanları bunu araşdırmalıdır. Yeri gələndə o ölkənin yerli hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq qurmaq olar. Səfirlik, sadəcə, buna şərait yaratmalıdır. Bunun üçün Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətinə nə gərək var idi? Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Xarici Əlaqələr İdarəsi var. Bunların vasitəsilə işlər görülür”.