“Seçkilərdən sonra Ermənistan qarışa bilər” - TƏHLİL

29/11/2018 - 09:07 691 0   0  

“Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası başlayıb. Bu proses 12 gün çəkəcək. Yəni dekabr ayının 9-da seçkilərdir. 9 partiya və 2 blok, onların biri də Paşinyanın rəhbərliyi ilə seçkiyə gedir. Odur ki, bu günlərdə Ermənistanda çox gərgin bir vəziyyət hökm sürür”.

Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert Ermənistanın baş nazir əvəzinin manevrlərinə də diqqət çəkdi: “Paşinyan çalışır ki, ”Sasna tser" radikal qruplaşması da partiya kimi seçkilərdə iştirak etsin və bu, belə də olacaq. O çalışır ki, bu radikal millətçilər vasitəsilə Dağlıq Qarabağda da “hakimiyyəti” dəyişdirsin. Bununla əlaqədar artıq Los-Ancelesdə 11 milyon dollara yaxın vəsait də toplanıb. Bundan başqa, Paşinyanın rəhbər olduğu “Mənim addımım” bloku da seçkilər üçün 500 min dollara yaxın vəsait toplamağa nail olub. Anti-Rusiya təbliğatından başlayan mitinqlər də davam etməkdədir və regionda yaranmış kritik vəziyyət də bu təbliğatı daha da aktuallaşdırıb. Həmçinin Ukraynada, Rusiyanın cənub bölgələrində baş verən proseslər də öz təsirini göstərir. Bir sıra müşahidəçilərin verdiyi proqnozlara görə, hazırda seçki keçirilsə, Paşinyan və onun təmsilçiləri təxminən 65 faiz səs toplaya bilərlər. Digər partiyalar isə 10 faizli baryeri belə keçmək iqtidarında deyillər".
A.Nağıyevin fikrincə, belə proqnozların olmasına baxmayaraq, gərginlik hər an öz pik həddinə çata bilər: “Çünki Qarabağ klanı da başa düşür ki, onların sonudur və tam şəkildə müqavimət göstərəcəklər və bu, hətta silahlı qarşıdurmaya da gətirib çıxara bilər. Paşinyan bu gün demək olar ki, əsasən mitinqçilərdən istifadə edir və hakimiyyətin də bütün imkanlarını səfərbər edib. Məlumdur ki, Rusiya ilə razılaşdırılmış ssenari ilə yanaşı, Qərblə, o cümlədən ABŞ-la müəyyən separat danışıqlara gedilib. Ona görə də Paşinyan tam arxayın olmasa da, mitinq siyasətinə və güc strukturlarına daha çox güvənir. Buna görə də o, seçkilərdə qalib gələcəyinə əmindir, lakin seçkisonrası gərginlikləri tənzimləmək onun üçün həddən artıq çətin olacaq. Radikallar Rusiya bazarlarının çıxarılmasından tutmuş, Dağlıq Qarabağ və digər sosial-iqtisadi məsələlərin də həllini tələb edəcəklər. Bu isə Paşinyanın gücündə olan məsələ deyil. O zaman artıq ən böyük gərginliklər yaşanacaq. Bu gün mitinqlərdə çaxır içən Paşinyan hələ ki eyforiyadadır”.