Səddam soyqırım silahını haradan almışdı? - Zərif açıqladı

18/03/2019 - 11:51 4 588 0   0  

Sabiq İraq lideri Səddam Hüseyin Hələbcə qətliamını Qərb ölkələrindən aldığı kimyəvi silahlarla gerçəkləşdirib.
Bunu İranın Xarici İşlər naziri Cavad Zərif qətliamın 31-ci ili ilə bağlı Tvitterdəki paylaşımında yazıb. O, Qərb ölkərinin Hələbcədəki kimyəvi qətliamı əvvəlcə inkar etdiyini, daha sonra isə İranı günahlandırdıqlarını bildirib:
“Qərb ölkələri özlərinin istehsalı olan silahlardan istifadə edərək bu qətliamı həyata keçirdilər, həqiqət bəlli olandan sonra susmağı üstün tutdular. Qərb 31 il əvvəlki Hələbcə və Sərdəştdəki vəhşi hücumu unutmaq istəyə bilər, ancaq nə biz bu qətliamı unudalıq, nə də kürd qardaşlarımız”.
Qeyd edək ki, Hələbcə qətliamı İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumudur. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilib. Bəzi mənbələrdə 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın müxtəlif xəsarətlər aldığı yazılsa da, digər mənbələrdə 5000 nəfərin öldüyü, 11000 nəfərin xəsarət aldığı qeyd edilib./Axar.az