Samir Şərifov onu niyə bəsləyir? - İTTİHAM

26/11/2018 - 18:05 2 359 0   0  

Bir müddət bundan əvvəl Ağstafanın Maliyyə İdarəsinə rəhbərlik etmiş və daşıdığı vəzifəsindən könülxoşluğu ilə deyil, birbaşa yerli sakinlərin ictimai etirazı qarşısında duruş gətirə bilmədiyindən uzaqlaşdırılan Qoşun Heydərov, çox keçmədi ki, hansısa himayədarının “dobro” deməsi səbəbindən yeni vəzifəyə sahiblənə bildi. Adı çəkilən şəxsin olduqca strateji bir rayona, yəni Şəmkir rayon Maliyyə İdarəsinə rəis müavini təyinatı ala bilməsi, bəlkə də bu gün hər kəsi şoka salan məsələlərdəndir. Çünki, tam əksəriyyət Qoşun Heydərovu kimlərinsə bacara bilmədiyi maliyyə maxinatorlarını həyata keçirməkdə olduqca ustalıq nümayiş etdirə bilmək bacarığını bildiklərindən, məhz belə bir təyinatın verilməsinə təəccüb qalıblar. Bəli, bu şəxs çox keçmədi ki, ustalıqla öyrəndiyi və bacardığı oxşar maxinasiyalarını Şəmkirdə də həyata keçirməyə başladı. Onu da qeyd edək ki, Qoşun Heydərov vaxtilə Şəmkirin “SABEZ”inə rəhbərlik etmiş və bir müddətdən sonra isə, Ağstafanın Maliyyə İdarəsində rəis vəzifəsini də daşımışdı. Yəni, bunu ona görə qeyd edirik ki, Qoşun Heydərov Şəmkir rayon Maliyyə İdarəsinə rəis müavini təyinatı almazdan öncə, bu rayonun ictimai həyatına bələd olan vəzifə sahibi olub və sakinlərin düşüncələrində heç də yaxşı izlər buraxmayıb. Yəni, o, Şəmkirdə “SABEZ”ə rəhbərlik etdiyi illər ərzində sakinlərinə ayrılan müavinətin 7 ayını mənimsəmiş, 3 ayının pulunu isə onlara vermişdir. Adı çəkilən vəzifə sahibinin belə bir addımlar atması səbəbindən, ƏƏSMM-nin rəhbərliyi tərəfindən onun ərizəsi alınır və daşıdığı vəzifəsindən də kənarlaşdırılır. Belə bir olay 2014-cü ildə baş versə də və sakinlərin ciddi narazılığına səbəb olsa da, hər kəsə qalmaqallı məmur adı ilə tanış olan Qoşun Heydərov, çox keçmədi ki, “gözəgörünməz qüvvələr”in köməkdarlığı ilə 2015-ci ildə Ağstafa rayon Maliyyə idarəsinə rəis təyinatı ala bilir. 

Hal-hazırda sakinlərini düşündürən bir sual var, o da Şəmkirin olduqca əhəmiyyət kəsb edən bir idarəsinə Qoşun Heydərovun rəis müavini təyin olunmasıdır. Tərəfimizdən apardığımız araşdırmalar və çoxsaylı sakinlərin söz-söhbətləri zamanı o da bəlli oldu ki, bu gün sakinləri düşündürən məsələ, cənab Samir Şərifovun belə bir əməl sahibinə yenidən vəzifə verməsidir. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, bu şəxs indiyə kimi sakinlərin düşüncələrində heç də yaxşı izlər buraxmayıb. Bugünkü problemlərin varlığı isə, daha ciddidir. Belə ki, rayondakı mənbəmizin “Gündəm Xəbər”ə verdiyi səhih məlumata görə, hal-hazırda Qoşun Heydərovun iştahası elə bir həddə çatıb ki, artıq oktyabr ayından indiyə kimi 2500 nəfərlik səhiyyə işçiləri əmək haqqı üzünə həsrət qalıblar. Yəni, bu şəxs ştat cədvəli üzrə Şəmkir rayon Maliyyə İdarəsində rəis müavini vəzifəsini daşımasına baxmayaraq, hal-hazırda o, rəis vəzifəsini də icra etməkdədir. Elə problemin kökü də bundadır. Çatdırılan məlumatlara görə, Qoşun Heydərov 2500 nəfərlik səhiyyə işçilərinin əmək haqlarını buraxmaq üçün, nə az, nə də ki, çox düz 2500 manat “şirinlik” tələb edir. Bu da o deməkdir ki, səhiyyə idarəsi rayonun “maliyyə şefi”nin “nursaçan kassa”sına ayda 2500 AZN ödəməlidir. Yoxsa onlar bu yöndə niyyətlərini heç cür “çin edə bilməzlər”. Məsələnin düşündürücü tərəfi odur ki, belə bir səbəb üzündən də, rayonun səhiyyəsinə rəhbərlik edən şəxs çıxılmaz duruma düşüb. Çünki, bir tərəfdən işçilər gecikən əmək haqlarını tələb edilər, digər tərəfdən isə Qoşun Heydərov israrından dönmür.
“Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da qeyd edir ki, bu günlərdə Hesablama Palatası rayonun səhiyyə şöbəsində ciddi yoxlamalar aparmış və külli miqdarda mənimsəmə faktlarını da aşkara çıxartmışdır. Aparılan araşdırmalar zamanı o da bəlli olur ki, vaxtilə rayonun səhiyyəsində çalışmış və dünyadan köçmüş elə şəxslər var ki, hələ də onların adına əmək haqları yazılaraq mənimsənilir. Belə bir maxinasiyalarda da, Qoşun Heydərovun baş rolda olduğu bəlli olur.
Yuxarıda qeyd etdiyimiz belə bir faktlardan əlavə onu da bildirmək istəyirik ki, Şəmkirin səhiyyə işçilərindən fərqli olaraq, digər rayonların səhiyyə işçiləri bu ilin noyabr ayının da əmək haqlarını alıblar. Yəni, baş verənləri analiz etməklə belə bir qənaətə gəlmək olur ki, Qoşun adını və Heydərov soyadını daşıyan bu şəxs, belə bir addımı ilə Şəmkirin 2500 nəfərlik səhiyyə işçilərini inqilaba sürükləyir. Odur ki, nəzərlər bir nöqtəyə yönəlir, görəsən Qoşun Heydərov böyük bir “qoşun”un qarşısında duruş gətirə biləcəkmi? Yoxsa bu şəxs, əvvəlki vəzifələrindən uzaqlaşdırıldığı kimi, bu vəzifəsindən də “üzüqara vəziyyət”dəmi uzaqlaşdırılacaq? Odur ki, bir qədər gözləyək, həm də izləyək...
Mövzu diqqətimizdədir.
Gundemxeber.Az