Şahidlər bağça müdirinin üzünə DURDU: "Bizi aldatdınız, pulumuzu verin"

10/12/2018 - 18:20 6 988 0   0  

Rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş şəxs qismində Mina Talışinskaya dindirilib. O bildirib ki, bağçaya işə düzəlmək üçün elanı "instagram"da görüb: "Həmin vaxt həm özəl, həm də dövlət işində çalışırdım. İşə ehtiyacım var idi. 3 uşaq böyüdürdüm.Tərlan və Aləmzarın yanına gəldim, 4 min manat istədilər. 2 minə gücüm catacağımı dedim. Razılaşdılar. Bakıda qalmağa yerim yox idi. Dedilər, həm gecə, həm də gündüz növbəsində çalışarsan. Yatmağa və qalmağa da yer verəcəkdilər. Övladlarım da yanımda qalacaqdı. Pulu verəndən 4 ay məni aldatdılar. Gah analıq məzuniyyətinə çıxartdıqlarını dedilər, gah da başqa bəhanələr gətirdilər. Onlara yalvardım ki, alınmırsa, məni aldatmasınlar. İki işimdən olmayım. Dedilər narahat olma, 1000 manat maaş söz vermişdilər. Lakin aldatdılar. O biri işlərim də əlimdən çıxdı. 1 il acınacaqlı vəziyyətdə qaldım . Uşaqlarımla çöldə qalmışdım. Mənim nələr çəkdiyimi allah bilir. Hazırda iş tapmışam. Anayam, bunlar da anadır, həbs olunmaqlarını istəmirəm".
Təqsirləndirilən şəxslər yaxın günlərdə zərərçəkən şəxslərə dəymiş ziyanı ödəyəcəklərinə söz veriblər.
Prosesdə daha sonra şahid qismində Şaiq Əliyev dindirilib. Ş. Əliyev bildirib ki, həyat yoldaşını işə düzəltmək üçüb 1600 manat pul verib: "İş söz verdilər, min bir bahanə etdilər, pulumu da qaytarmadılar".
Şahid qismində dindirilən Samir Hüseynov da həyat yoldaşını bağçaya düzəltmək istəyib: "Gedib özüm Tərlan və Əlamzarla "Şamaxinka"da görüşdüm. 2500 manat verdim. Lakin, iş alınmadı. Pulumu da qaytarmayıblar. İstintaq məni şahid kimi tanıdı, halbuki mən zərərçəkən olmalıydım".
Şahid Sərnəgül Əliyeva da zərərçəkmiş kimi tanınmadığına etiraz edib: "İş düzəldən büroya getmişdim. Ordan Aləmzarın yanına göndərdilər. Məndən min manat aldı, dedi ki, bağçada dayə olacaqsan. O pulu da borca almışam. Hələdə qaytara bilmirəm".
Şahid Aytən Kamilova da bağça rəhbərliyi tərəfindən aldanılıb. O deyib ki, iş elanını "istagram"da görüb: "Yoldaşım və qayınatamla bunların yanına getdik. Bizə dedilər ki, siz bizə maddi yardım edin, bağçanın vəziyyətini düzəldək, sizi də işçi götürək. Orda 600 manat verdik. Daha sonra Aləmzarla görüşüb 1500 manat verdim. Bizi aldatdılar, pulumu tələb edirəm. İstintaqda bizi zərərçəkmiş kimi tanımadılar, buna etiraz edirik".
Prosea dekabrın 17-də davam edəcək.
İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.