Sabiq MTN işçisinə hökm oxundu

15/01/2019 - 15:50 2 743 0   0  

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vüqar Allahverdiyev 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.
Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törətdiyi üzə çıxıb. Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib.
Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb. Vüqar Allahverdiyevə qarşı cinayət məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.