Sabiq məmurun işi ekspertizaya göndərildi - qaçaq dərman əməliyyatı

27/12/2018 - 12:35 574 0   0  

Keçmiş gömrük əməkdaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə M. Novruzovun vəkili vəsatət qaldıraraq dərmanların bazar qiymətinə uyğunlaşdırılması ilə bağlı komissiyon ekspertiza keçirilməsini istəyib. Məhkəmə verilən vəsatəti təmin edib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

İttihamda yazılır ki, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. 

O, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.

Belə ki, M.Novruzov “Yalama” gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” gömrük postuna ezam olunub.

O, həmin ərazidə 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə Cəmil adlı şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.

Beləliklə, M.Novruzov vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək, qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Daha sonra onun bu əməli müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib.

Novruzova qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə elan olunmuş ittiham üzrə M.Novruzov özünü qismən təqsirli bildiyini deyib.