Sabiq Avropa çempionumuz ABŞ-da milyon dollarlıq döyüşə çıxacaq

21/12/2019 - 21:42 1 482 0   0  

Sərbəst güləş üzrə sabiq Avropa çempionumuz, 2008-сi il Olimpiadasında Azərbaycanı təmsil etmiş Əli İsayev MMA-da növbəti döyüşünü keçirəcək.

Oxu.Az xəbər verir ki, PFL (Peşəkar Döyüşçülər Liqası) 10 turniri çərçivəsində yeddi görüş baş tutacaq.

Onlardan altısı hər çəkinin 2019-cu il üçün qalibini müəyyənləşdirəcək. Bunların içində ağırçəkili Əli İsayevlə Cared Roşoltun görüşü də var.

Dağıstandan olan 36 yaşlı Əli hələ ki MMA-da məğlubedilməzdir. İsayev keçirdiyi bütün səkkiz görüşdə qalib olub. O bunlardan üçündə nokautla qalib gəlib. Keçmiş güləşçi olsa da, əl zərbələri güclüdür və ayaqla döyüşməyi də bacarır. O, 1/4 finalda amerikalı Kelvin Tileri və yarımfinalda rusiyalı Denis Qoltsovu məğlub edib.

Onun rəqibi isə keçmiş UFC döyüşçüsüdür. Cared Roşolt 2014-2016-cı illərdə UFC-də çıxış edib. 33 yaşlı Roşolt indiyədək 20 görüşdə qalib gəlib, yeddisində uduzub. Maraqlıdır ki, o da keçmiş güləşçi olub. 

Ağır çəkili idmançılar olduğundan, bu döyüşə maraq böyükdür. Yeni il günü keçirilən hər altı çəki dərəcəsində qalibə bir milyon dollar veriləcək.  

Görüşlər ABŞ-ın Nyu York şəhərində yerləşən məşhur Hulu Teatrında keçiriləcək. Burda isə Dağıstandan olan, ancaq Azərbaycanı təmsil edən digər idmançı – boksçu Məhəmmədrəsul Məcidov bu il ilk peşəkar döyüşünü keçirib və qalib olub.

Qeyd edək ki, Əli İsayev 2009-cu ildə Litvanın paytaxtı Vilnyusda keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. O, finalda Dağıstan osetini olan, amma Ermənistanı təmsil edən Ruslan Basiyevi məğlub edərək Avropa çempionu olub.