Sabahın reallığı bu günün xəyalından doğar

10/05/2020 - 19:41 289 0   1  

Cəmşid  Dərələyəzli

Çox uzun zaman keçdikdən sonra, nəhayət  09.05. 2020-ci il tarixdə Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə "Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Hökümətinin elan olunması" mövzusunda Təşəbbüs Qrupunun onlayn konfransı baş tutdu. Tək kəlməylə ifadə etsək, çox gözəl təşəbbüsdür. Çünki, atıq zaman o zamandı.   Beynəlxalq aləmdə dünya əsrin Pandemiyası ilə ölüm-qalım savaşı verə-verə, həm də  bununla paralel dünyanın yenidən şəkilləndirilməsi yönündə  hamiləliyini sürdürür.. Məhz bu nədənlə də, artıq bütün dünyaya elan etmək zamanı idi   ki, biz Qərbi Azərbaycanlılar (Ermənistanlılar) əzəli torpaqlarımıza İravana, Zəngəzura, Göyçəyə və digər yurdlara dönmək və bütövləşmək istəyirik. Məhz bu təşəbbüs ermənilərin də başına  bir toxmaq olaraq dəyməlidir ki, biz təkcə Qarabağı yox, bizdən zaman-zaman aldıqlarını da geri istəyirik.

Nə yazıq ki, bu istiqamətdəki səylərimizdə biz çox gecikdik. Bəzi “yurddaşlarımızın” əli ilə zaman-zaman, xüsusən də son 32 ildə bizi də parçaladılar, hədəfdən yayındırdılar. Böldülər cəmiyyətlərə - Arğıdağlılara, İravanlılara, Deportlara, Qayıdışlara, Dönüşlərə, İcmalara. Zaman-zaman bəziləri öz məkrli niyyətlərinə alət etmək istədilər bu təşəbbüsləri. Qoymadılar bir araya gəlməyə, ümum birlik olmağa. Sanki bilərəkdən qoymadılar Ölkə Başçısının rəsmi trubinalarda səsləndirdiyi “Biz əzəli torpaqlarımız olan İravana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq” fikirlərinə dəstək omağa, bu yöndə onu müdafiə etməyə.

Bununla belə, nə qədər o birliyə zamanında nail olmasaq da,  millət və vətən sevdalısı soydaşlarımızın ayrı-ayrı qruplar halında bir araya gəlib, müxtəlif adlarda yaratdıqları o birliklərin də ümumi işə böyük faydası oldu. Xüsusən də 1989-cu ildən yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyətinin.

İtirilmiş torpaqların, yurd-yuvasında sürgün edilmiş böyük bir toplumun gündəmdə qalmasına, hadisələrin unudulmamasına və müəyyən mənada heç olmasa başlarına gələnlərin tarixləşməsinə böyük qatqıları oldu o qrupların. Bu baxımdan da könüllü olaraq və bu yolda yürüyərək mücadilələrindən bir an da olsun vaz keçməyən soydaşlarımıza minnətdarıq. Və gələcəkdə  bu birliyin yaradılması da, onların ayrı-ayrı fəaliyyətlərinə heç bir kölgə düşürməməlidir.

Əslində hər bir birlik, öz rəhbərlikləri  səviyyəsində    Mühacir Hökümətin  təşəbbüs qrupunda yer alıb, qarşıya qoyullmuş hədəfə doğru öz mücadilələrini birgə sürdürməlidirlər. Hədəf isə bəllidir; son iki yüz ildə bizdən qoparılan torpaqlara geri dönmək, sahib çıxmaq. Qaldı Mühacir Hökümətə, adından da göründüyü kimi bu mühacirətdə yaradılır və dünyanın hər bir ölkəsində öz varlığını sürdürə və dünyanın hər bir yerində yaşayan soydaşlarımız bu hökümətin üzvü ola bilər.

Bu Hökümət fəaliyyətdə olduğu heç bir ölkənin daxili işlərinə qarşmır və heç bir siyasi iddiada da (hökümət üzvlərinin fərdi qaydada vətəndaşı olduğu ölkələrin ictimai, siyasi həyatında  bulunmaları istisna)  bulunmur. Odur ki, zaman-zaman bu birliyə əngəl olub, “bu birliyin yaradılmasında guya amac başqadır” deyənlər onu da unutmasınlar ki, Qərbi Azərbaycanlılar (bəzi qanıpozuqlar istisna) tarixən harada olmalarından asılı olmayaraq, daima dərin dövlət missiyasını üstlənmişlər. Onlar Azərbaycan dövlətinə və dövlətçiliyinə həmişə sadiq olmuşlar. Qərbi Azərbaycandan (indiki Ermənistandan) didərgin salınmış soydaşlarımızın tək bir amacı olub; bu da öz vətənlərinə dönmək!

Bu baxımdan da bütün Qərbi Azərbaycanlıları nəhayətdə birlik olub, öz Mühacir Hökümətlərinin qurulmasına dəstək olmalarına çağırıram. Bu mücadilə bizlərdən sonra yüz il çəksə belə, biz bunun təməlini qoymalıyıq. Necə ki, ermənilər bu yöndə mübarizələrini bəzən yüz illərlə sürdürmüşlər. Amma sonda “istəklərinə” qovuşmuşlar.

Bizim coğrafiyamızla kifayətlənməyərək indi də onlar öz bu yöndəki mübarizələrini paralel olaraq qardaş Türküyədə və qonşu Gürcüstanda da sürdürürlər. Buyurun, "Erməni Diasporu 100 ildir, 1915-ci ildən bu yana, Türküyənin Doğu Anadolu ve Güneydoğu bölgelerinde bulunan 20 şeherini sözde Batı Ermenistan olarak adlandırmağa başlamışlar. Hətta bu ərazilərdə Batı Ermenistan Hükümetini elan edib, Cumhurbaşkanlığını və Başbakanlığını qurmuşlar belə".

Hətta Türküyədə olan soydaşlarımızın bildirdiklərinə görə, bu "hökümət" öz tədbirlərinin birini də Şuşada keçirib. Bax, beləcə ermənilər dayanmadan bizim coğrafiyamızda qeyri-rəsmi hökümətlər qurub, iş aparmaqdadırlar. Təssüf ki, tarixən ermənilərin bu hərəkətlərini heç bir zaman ciddiyə almamışıq. Bəlkə də 300 il öncə İrəvana ermənilər ilk gəldiyindən sonra, o torpaqlarda bir erməni dövlətinin qurulacağı fikirlərini səsləndirəndə, o zaman da indiki kimi bir çox soydaşlarımız, onları ciddiyə almamışdılar. Amma sonradan, yəni gəlişlərindən bir yüz il sonra İravanda erməni dövləti quruldu və İravan da oldu həmin dövlətin mərkəzi.

Bundan sonra ermənilər özlərinin “Böyük Ermənistan” planlarını mərhələ-mərhələ həyata keçirməyə başladılar. 20-ci yüzilliyin sonlarında, nəhayətdə bütün Qərbi Azərbaycan torpaqları tam türksüzləşdirilidi və sonda da Dağlıq Qarabağı ilhaq edib bu torpaqıları özününküləşdirmək yönündə mücadilələrini sürdürməyə davam etdilər. Biz isə sadəcə bunca zaman içərisində arxivi eşələyib, onların bütün bu fəaliyyətlərinə dolayısı ilə işıq tutmaqla "məşqul olduq". Yəni qısacası, tarixçilərimiz “erməni tarixini” yazmaqla və biz isə millət olaraq özümüzü müdafiə etməklə vəzifəmizin bitmiş olduğunu sandıq.

Bu səbəbdəndir ki, ermənilər başımıza müsəllah olandan, millət olaraq bizim onlara qarşı “tarixlərini” yazmaqdan başqa (nə yazıq ki, onlar bunun üçün bizim tarixçilərə hətta şükranlarını belə bildirirlər) özümüzün olanı, özümüzə qaytarmaq yönümdə nə elə bir “genplanımız”, nə də bu yöndə elə bir geopolitik siyasətimiz olmadı. Qardaş Türküyədə də həmçinin. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi, 20 -ci əsrin sonlarından, ta bu günə kimi bütün bu gerçəkləri görüb də dərk edən, vətən və millət sevdalı soydaşlarımızın bu yöndə qarşıya qoyduqları mücadilələr isə zaman-zaman ya sabota edildi, ya da açıq-aşkar buna imkan verilmədi.

Sanıram ki, artıq Mühacir Höküməti qurub, ermənilərə qarşı “genplan”ımızın və bu yöndəki geopolitik siyasətimizi yürütməyimizin zamanı gəlmişdir. O siyasət ki, yuxarıda da qeyd etdiyim kimi, Ölkə Başçısının rəsmi trubinalarda səsləndirdiyi “Biz əzəli torpaqlarımız olan İravana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq” fikirləri ilə əsasını qoymuşdur əslində.

Unutmayaq ki, Azərbaycanın gələcək varlığı və Qarabağın azadlığı məhz o torpaqlara əməli iddiamızdan və o yerlərə qayıtmağımızdan keçir. Bu baxımdan da Qərbi Azərbaycan Mühacir Hökümətinin Təşəbbüs Qrupuna “Xeyirli-uğurlu olsun və qəzamız mübarək”,-deyirəm!