Rusiyadan qanunsuz yollarla göndərilən böyük məbləğlərdə pulların sonu

05/02/2019 - 17:31 688 0   0  

Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Azər Adamov, Nazim Hüseynov və Ceyhun Şabanov şahid qismində dindiriliblər.
Məhkəmə iclasında KİV-lərin nümayəndələri iştirak ediblər.
AXC hakimiyyəti dönəmində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun qohumu Azər Adamov məhkəmədə ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevralında V.Rüstəmli Gürcüstanda olarkən ona “whatsapp” vasitəsi ilə tanımadığı bir mobil nömrəni yazaraq xahiş etmişdir ki, həmin nömrədə olan adamda pul var, həmin pulu götürsün. Vidadinin telefonda göndərdiyi mobil nömrəyə zəng edib həmin şəxslə görüşərək 1000 manat pulu, növbəti dəfə isə 800 manat pulu ondan götürüb Vidadi Rüstəmliyə vermişdir.
Nazim Hüseynov isə məhkəmədə bildirdi ki, ötən il maın əvvəllərində axşam saatlarında Şəmkir rayon polis şöbəsinin yanında keçəndə polislər ona əməliyyat tədbiri keçirdiklərini bildirib onu hal şahidi kimi iştirak etməyə dəvət ediblər. O da buna razılıq verib və polislərlə birlikdə Şəmkirdə İstiqlal parkının yaxınlığına gediblər. Təxminən 20 dəqiqə sonra polislər Saleh Rüstəmova yaxınlaşıb özlərini təqdim edib onun narkotiklə məşğul olmasına dair məlumatlar əldə etdiklərini bildiriblər. Saleh Rüstəmov polislər ondan qanunsuz əşya və maddə olub-olmadığını soruşan zaman əynindəki gödəkçənin cibindən selofanda olan heroini təqdim edib. Hal şahidi Nazim Hüseynov Saleh Rüstəmova qarşı hər hansı təzyiq göstərilmədiyini, S.Rüstəmovun hər hansı etiraz bildirmədiyini vurğulamışdır.
Ceyhun Şabanov məhkəmədə ifadə verərkən Nazim Hüseynovun dediklərini təsdiq edib, Saleh Rüstəmovun gödəkçəsinin cibindən heroini çıxarıb polislərə təqdim etdiyinə hal şahidi olduğunu bildirdi.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilmişdir.