Rusiyada azərbaycanlılar arasında qanlı insident

03/12/2018 - 22:28 8 797 0   0  

Rusiyada azərbaycanlılar arasında baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.

Suveren.az yamalpro.ru saytına istinadən xəbər verir ki, dekabrın 1-də Nadım şəhərində atışma nəticəsində güləş üzrə məşqçilər – Məmmədovlar qardaşları yaralanıb.

Onların yaxın qohumu Aqşin Həsənov isə aldığı güllə yarasından ölüb. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılsa da, müstəntiqlər onun adını açıqlamırlar.

Hadisənin təfərrüatı barədə məlumat verən zərərçəkən Yalçın Məmmədov bildirib ki, atəşi yerli etnik cinayətkar qruplaşmanın üzvləri kimi tanınan Axundovlar qardaşları açıblar. Səbəb kimi zərərçəkənlərin ailəsinin onlara pul ödəməkdən imtina etməsi göstərilir.

“Qruplaşmanın rəhbəri Qaraş Axundovdur. Onlar 2000-ci illərin əvvəlindən şəhərdə sahibkarlardan – diaspora üzvlərindən pul yığırlar. Biz kasıb ailə sayılmasaq da, iki il əvvəl onlara pul ödəməkdən imtina etdik”, - deyə Y. Məmmədov bildirib.

O əlavə edib ki, Axundovlar qardaşlarının üzv olduğu cinayətkar qruplaşma hüquq-mühafizə orqanlarından da çəkinmir. Y. Məmmədovun sözlərinə görə, vaxtilə Axundovlar yerli məhkəməyə də hücum ediblər.