Rusiya və Azərbaycanın nümayəndə heyətləri görüşüb

08/02/2019 - 22:31 1 927 0   0  

Fevralın 8-də Rusiya Federasiyasının Dərbənd şəhərində Rusiya və Azərbaycan nümayəndə heyətlərinin görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfdən nümayəndə heyətində İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, eləcə də ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil olunub. Rusiya tərəfi isə iqtisadi İnkişaf naziri Maksim Oreşkinin rəhbərliyi ilə əlaqədar qurumların nümayəndələrinin və Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovun, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilevin daxil olduğu heyətlə təmsil edilib.

İqtisadiyyat naziri Şahin Mustafayev xalqlarımız və ölkələrimiz arasındakı dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətlərin, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Rusiya prezidentləri əlaqələrin inkişafına böyük önəm verir, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının qarşılıqlı səfərləri bunun əyani göstəricisidir: “Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə də birinci yerdədir. Təkcə ötən ildə iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb”.

Azərbaycan və Rusiya arasında nəqliyyat-tranzit sahəsində həyata keçirilən layihələr barədə məlumat verən nazir Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin iqtisadi-ticarət əlaqələrinin, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Görüşdə ölkələrimiz arasında energetika, sənaye, turizm, kənd təsərrüfatı, meliorasiya, gömrük, mədəniyyət, təhsil və sair sahələrdə əlaqələrin inkişaf etdiyi və əməkdaşlıq üçün böyük potensialın mövcudluğu qeyd olunub.

Rusiyanın iqtisadi inkişaf naziri M.Oreşkin qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsinə əsaslanan əməkdaşlıq inkişaf edir. Nazir iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün potensialı vurğulayaraq əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bildirib, aparılan müzakirələrin əlaqələrin inkişafı, xüsusilə də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağını diqqətə çatdırıb. O, Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin iki ölkə arasında artan ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri “Narın Qala” tarixi abidəsi ilə tanış olub. Nümayəndə heyətinə Dərbənd qalasının bir hissəsini təşkil edən “Narın Qala” istehkamına daxil olan tarixi memarlıq abidələri barədə məlumat verilib.

Nümayəndə heyətləri Azərbaycan ilə Rusiyanın dövlət sərhədində “Yaraq-Qazmalar”, “Samur” sərhəd buraxılış məntəqələrinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə də baxış keçirib.

Qeyd edək ki, Azərbaycan və Rusiya hökumətləri arasında imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi davam etdirilir. Avtomobil körpüsünün tikintisi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində reallaşdırılan mühüm layihələrdən biridir. Körpünün inşasına 2018-ci ilin fevralında başlanılıb. İki hərəkət zolaqlı yeni körpünün uzunluğu 325 metr, eni 17,3 metr olacaq. Artıq körpünün svaylarının qazılması, bünövrə və körpü dayaqlarının tikintisi tamamlanıb. Körpünün cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu layihə Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.