“Rəqəmlərə yenidən baxılmalıdır” – Deputat təhsil qanunundan danışdı

17/05/2019 - 23:16 2 026 0   0  

“Biz bu gün “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Qanuna dəyişiklik edirik. Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumu müəyyənləşdiririk”.

Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, əlbəttə, kimsə özəl müəssisəsi yaradırsa, bundan qazanc götürməyi də nəzərdə tutur: 

“Ancaq gəlin, nəzərə alaq ki, burada söhbət təhsildən gedir. Məhz buna görə də təhsil müəssisəsinə akkreditasiyaya görə dövlət rüsumunun tətbiqinə diqqətlə yanaşmağı təklif edirəm. Hesab edək, bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın. Nəyə görə ondan akkreditasiya üçün pul tutulmalıdır? Axı bu adam vəsaitini hansısa şadlıq sarayı açmağa deyil, təhsilə yönləndirir. Prinsipcə onun istəyi bəşəridir. Düşünürəm ki, hər hansı dövlət rüsumundan ümumiyyətlə söhbət getməməlidir. Sadəcə nəzarət edilməlidir ki, keyfiyyətli təhsil olsun və mövcud qanunvericilikdən irəli gələn tələblər gözlənilsin. Buna da nəzarəti təbii müvafiq dövlət qurumları edəcək.

Digər tərəfdən, əgər akkreditasiya ilə bağlı dövlət rüsumu tətbiq edilirsə, hesab edirəm ki, qanun layihəsindəki rəqəmlər günümüzlə adekvat deyil. Rəqəmlər 3-15 min manat arası dəyişir. Bu, həddən artıq çoxdur. Onların müəyyənləşməsində nələr, hansı parametrlər əsas götürülür, məlum deyil. Yəni layihənin 32-1.8 bəndində göstərildiyi kimi, təhsil fəaliyyətini həyata keçirən digər qurumlar nə üçün akkreditasiyaya görə 15 min manat ödəməlidirlər? Heç olmasa, bu rəqəmlərə yenidən baxılsın. Deyəcəklərim bu qədər”.  /Cebhe.info/