Rial çökdü: Azərbaycan manatı ilə İranda nə etmək olar? - YERİNDƏ MÜŞAHİDƏ

09/05/2019 - 00:20 430 0   0  

ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar İran rialı digər valyutalar qarşısında məzənnəsini sürətlə itirir. 

Milli valyutanın dəyərdən düşməsi nəticəsində 1 ABŞ dollarının məzənnəsi 14200 tümənə (142 rial) yüksəlib. Qeyd edək ki, cari ilin əvvəlində bu göstərici 10 min tümən təşkil edirdi. Bu isə İrana dollar ekvivalentində idxal olunan məhsulların qiymətinin artmasına səbəb olub. Eyni zamanda, mövcud vəziyyət Azərbaycan manatının İran rialına qarşı kəskin möhkəmlənməsi ilə müşahidə olunur. 

Cebhe.info xəbər verir ki, hazırda 1 AZN 8800 tümən təşkil edir. 

Qeyd edək ki, 2019-cu ilin fevral ayında 1 AZN 6500 tümənə bərabər idisə, may ayının 5-də 8600, iki gün sonra, yəni mayın 7-də 8800 tümənə qədər bahalaşıb. Bu isə İranda, xüsusilə də Cənubi Azərbaycanda manata olan tələbatın artmasına səbəb olub. Nəticədə, manatın məzənnəsində yüksəlmə baş verir. Manatın riala nisbətdə möhkəmlənməsi istehlak bazarında və xidmət sektorundakı qiymətlərə də təsir göstərib. Belə ki, Biləsuvar gömrük-keçid məntəqəsindən Təbriz şəhərinə bir nəfərin getməsi cari ilin əvvəlində 10 manata başa gəlirdisə, hazırda bu göstərici 8 manata, yəni 70 min 400 tümən və ya 704 riala başa gəlir. Ərdəbil şəhərinə getmək üçün 5 manat və ya 44 min tümən gediş haqqı tələb olunur.  Manat ekvivalentində qiymətlərin xeyli aşağı düşdüyünü görmək olar. Təbriz şəhərində üçulduzlu hoteldə bir nəfərin qalması 2018-ci ilin ortalarında 18-20 manata başa gəlirdisə, artıq həmin qiymətlərin 8 manata düşdüyünü görmək olar. Ölkədən kərə yağı, ət, qənd, un, düyü, kartof, soğan, və meyvənin topdansatış şəkildə çıxarılmasına qadağa qoyulub. Manatın riala qarşı möhkəmlənməsi mal və məhsulların qiymətində özünü göstərir. Məsələn, 500 qramlıq qablaşdırılmış sarıkök cari ilin əvvəlində 5 manata satılırdsa, hazırda həmin ədviyyatı 3 manata almaq olar. Yaxud İran istehsalı olan qurudulmuş əriyin 1 kiloqramı qablaşdırılmış halda 4 manata təklif olunur. Manat ekvivalentində məhsulların ucuzlaşdığını İran istehsalı olan konfetin və şokoladın da qiymətində görmək olar. 

Yanvar-fevral ayları ilə müqayisədə hazırda sözügedən şirniyyat məhsullarının satış qiyməti 1-1,5 AZN aşağı düşüb. Manatın getdikcə bahalaşması qiymət dəyişikliyinin davam edəcəyini deməyə əsas verir. 

Müşfiq Abdulla