Reallıqda atəşkəs yoxdur - İLHAM ƏLİYEV CƏBHƏDƏKİ MÖVCUD VƏZİYYƏT HAQDA

12/10/2020 - 20:38 199 0   0  

“Gəncə belə vəhşi atəşə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk”.

Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq. Çünki dayanıqlı atəşkəs üçün hər iki tərəfin buna sadiq olması lazımdır. Biz buna sadiqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş atəşkəsə riayət etmişdik, amma görəndə ki, Ermənistan bunu pozur, təbii ki, biz buna səssiz qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, atəşkəs qüvvəyə mindi, amma real həyatda baş vermədi”, - deyə dövlət başçısı vurğulayıb./virtualaz.org