Ramzan Kadırovun müşaviri İlham Əliyevin qəbulunda

02/04/2019 - 00:28 7 888 0   0  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.

AzərTAc xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırıb və bildirib ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir. Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi böyük ehtiramla xatırlayıb. O, xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib.

Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ramzan Kadırova çatdırmağı xahiş edib və vurğulayıb ki, onu Ramzan Kadırovla qardaşlıq əlaqələri bağlayır. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri var və tarix boyu bu əlaqələr daim möhkəmlənib.

Prezident İlham Əliyev Ramzan Kadırovun bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Ramzan Kadırovun çeçen xalqının lideri Hacı Əhməd Kadırovun siyasətini uğurla davam etdirdiyini, Çeçenistanda sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə Çeçenistan Respublikası arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da inkişafı baxımından əhəmiyyəti vurğulanıb.