Qəzza sektorunda atəşkəs elan olundu

28/10/2018 - 00:22 2 440 0   0  

Fələstinin “İslam cihadı” qruplaşması oktyabrın 27-də Misirin vasitəçiliyindən sonra Qəzza sektorunda atəşkəsin elan olunduğunu bildirib.

“Anadolu” xatırladır ki, ötən gecə sahilyanı Qəzza anklavında vəziyyət növbəti dəfə kəskinləşib. İsrail ordusunun nümayəndəsi Conatan Konrikus oktyabrın 27-nə keçən gecə Qəzza sektorundan İsrail ərazisinin raket atəşinə tutulduğunu iddia edib. İsrail hərbçiləri buna cavab olaraq anklavdakı 80 hədəfi bombalayıb.

Budəfəki qarşılıqlı zərbələr ilin əvvəlindən bəri yeddinci, ay ərzində isə üçüncüdür. Fələstin tərəfindən raketlər cümə günü axşam, İsrail əsgərlərinin yürüşə çıxan 5 fələstinlini öldürməsindən və 200-ə yaxın ərəbi yaralamasından sonra atılıb.

Qeyd edək ki, fələstinlilər martın 30-da başlayan “Qayıdış yürüşü” çərçivəsində davamlı etiraz aksiyaları keçirirlər. Bu müddətdə Qəzza-İsrail sərhədində baş verən toqquşmalar nəticəsində 220-dək fələstinlinin öldürüldüyü, azı 22 min nəfərin zərər çəkdiyi bildirilir.