"Qərbi Azərbaycandan qovulan soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalıdır" - İRƏVAN AZADLIQ TƏŞKİLATI / Fotolar

16/02/2020 - 11:54 4 877 0   0  

Yüz il əvvəl Qafqazda mürəkkəb hadisələr burulğanında baş verənlər qədim Azərbaycan şəhəri İrəvanın itirilməsi, Ermənistan adlı saxta dövlətin yaranması və onun paytaxtına çevrilməsi ilə nəticələndi. İri dövlətlərin himayə etdiyi bu qondarma dövlət Azərbaycandan iri ərazilərin qopardılması ilə daha da böyudüldu. 
30 ildir ki, Qafqazı nüfuz dairəsində saxlamağa çalışan iri dövlətlərin münaqişənin ədalətli həllinə mane olması nəticəsində Azərbaycan yenə ərazilərinin itirilməsi təhdidləri ilə üz- üzrədir və dövlətimiz münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll olunmasına çalışır. Azərbaycanın torpaqlarının itirilməsi, soydaşlarımızın mülkiyyət hüquqlarının pozulması, onlara dəyən külli miqdarda maddi və mənəvi zərərin beynəlxalq səviyyədə araşdırılmasını və təmin olunmasını qarşısında məqsəd qoyan İrəvan Azadlıq Təşkilatının (İAT) amalı  İrəvan və bütövlükdə Qərbi Azərbaycan torpaqlarından qovulmuş soydaşlarımızın indiki Ermənistan ərazisində pozulmuş hüquqlarının, o cümlədən mülkiyyət və daimi yaşama hüququnun bərpası və tanınmasından ibarətdir. 
İAT-ın 2020-ci il 15 fevralda keçirilən toplantısında işğalda olan Qarabağın azad olunması, soydaşlarımızın itirdikləri mülkiyyət və və daimi yaşayış hüquqlarının bərpası istiqamətində görüləcək işlər haqqında müzakirələr aparıldı. Təşkilatın sədri Təbriz Musayev qarşıda duran vəzifələrə bağlı çıxış edərək, qarşıdan Xocalı soyqırımının ildönümünün gəldiyini və bununla bağlı tədbir keçiriləcəyini bildirdi. Həmçinin, T.Musayev dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinin bu məsələlərə yönəldilməsinin vacibliyini qeyd etdi. O, ATƏT çərçivəsində aparılan danışıqlara toxunaraq, onların səmərəsizliyini və prosesi sürətləndirmək üçün qəti tədbirlər görülməsinin vacibliyini bu təşkilatların diqqətinə çatdırmağın gərəkli olduğunu bildirdi. 
Toplantının yekununda qərara alındı ki, Dağlıq Qarabağ problemi, danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı sənəd hazırlansın, yaxın günlərdə müvafiq dövlət qurumlarına və səfirliklərə bu barədə bəyanat təqdim olunsun.


Ülviyyə ŞÜKÜROVA,
Suveren.az