Qrantlara nəzarəti bu iki qurum həyata keçirəcək – MÜHÜM DƏYİŞİKLİK

11/12/2018 - 17:29 511 0   0  

Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına (QHT) qrant verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHT Şurası) ilə bərabər həm də Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırmalı olacaqlar. 

Bu, Prezident İlham Əliyevin imzaladığı "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb. 
İndiyə qədər dövlət orqanları qeyri-hökumət təşkilatlarına qrant verərkən bunu yalnız QHT Şurası ilə razılaşdırıb. Dəyişikliyə əsasən artıq dövlət orqanları QHT-lərə qrant verilməsini gənclər siyasəti sahəsində qrantlara münasibətdə Şura il bərabər həm də Gənclər Fondu ilə razılaşdırmalıdırlar. 
Razılaşdırılma dedikdə, dövlət orqanları tərəfindən verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuların qiymətləndirilməsi və bu qrantlara dair gənclər siyasəti sahəsində Şuranın və Fondun rəylərinin həmin dövlət orqanlarına bildirilməsi başa düşülür. 
Dövlət orqanları növbəti il ərzində keçiriləcək gənclər siyasəti ilə bağlı müsabiqələr və qrant vasitəsilə maliyyələşdirilməsnəzərdə tutulan mövzular barədə aşağıdakı məlumatları hər il dekabrın 30-dək Şura ilə bərabər Gənclər Fonduna təqdim etməlidirlər: 
-  il ərzində keçiriləcək müsabiqələrin sayı;
-  hər bir müsabiqənin keçirilməsinin təxmini tarixi;
-  hər bir müsabiqəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
-  hər bir layihəyə ayrılması nəzərdə tutulan vəsaitin təxmini məbləği;
-  maliyyələşdirilməsi nəzərdə tutulan mövzular;
-  üstünlük verilən mövzular;
-  iştirakçı təşkilatlara dair tələblər;
- mövzular üzrə üstünlük verilən inzibati ərazi vahidləri (olduğu halda);
- qrant müqaviləsi (qərarı) üzrə tədbirləri şərtləndirən hüquqi akt, fəaliyyət planı (olduğu halda).

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısına aşağıdakı dövlət orqanları daxildir:  

- Gənclər və İdman Nazirliyi 
- Mədəniyyət və Turizm Nazirliyi 
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
- Təhsil Nazirliyi
- Səhiyyə Nazirliyi
- Maliyyə Nazirliyi
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi