QONŞUSU İÇƏRİSİNDƏ MAL-QARA OLAN TÖVLƏSİNƏ OD VURDU, ŞİKAYƏTİNƏ BAXAN YOXDUR – Göyçay sakini polisin məsələni araşdırmadığını bildirir…

20/07/2022 - 12:01 3 208 0   0  

Göyçay rayonu, Şəkər kənd sakini, 1977-ci il təvəllüdlü Salmanov Raqif Hüseyn oğlu tərəfindən Suveren.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. Şikayətçinin prezident İlham Əliyevə müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bildirmək istəyirəm ki, 26 mart 2022-ci tarixdə, saat 15-00 radələrində mənə məxsus həyətyanı torpaq sahəsində övladım 2011-ci il təvəllüdlü Salmanzadə Tural Raqif oğlu ilə birlikdə  təsərrüfat işləri görərkən, həmkəndlim Pənahov Yusif Yadulla oğlu içərisində iribuynuzlu mal-qara olan tövləmə od vuraraq qaçdı.

Mən dərhal FHN-i Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin "101" qaynar xətt nömrəsinə zəng etdim. Həmçinin, Daxili İşlər Nazirliyinin "102" qaynar xətt nömrəsini də yığaraq, öz şikayətimi bildirdim.

FHN əməkdaşlarının müdaxiləsinə baxmayaraq, alovun şiddətindən tövləm tamamilə yanaraq yararsız hala düşdü. Eyni zamanda iki baş cins inəyim tələf oldu.

Hadisədən iki gün öncə Pənahov Yusif Yadulla oğlu mənə məxsus ot tayasını da yandırmışdır. Buna isə yuxarıda adını qeyd etdiyim oğlum şahid olmuşdur.

Hər iki cinayət hadisənin baş verməsilə bağlı Göyçay Rayon Polis Şöbəsinə yazılı izahat vermişəm. Öz izahatımda ümumilikdə mənə 7000 (yeddi min) manat məbləğində zərər dəydiyini qeyd etmişəm. Lakin Elnur adlı polis əməkdaşı məsələyə məsuliyyətsiz yanaşır. Dəfələrlə mənə vəd verib ki, sənə dəymiş zərərin ödənilməsi üçün əlimdən gələni edəcəyəm. Ancaq ortada heç bir nəticə yoxdur. Elnur adlı polis əməkdaşının bu cür davranışı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş "Səhlənkarlıq" halına yol verdiyinə əsas verir. Axı, Yusif Yadulla Pənahovun etdiyi birbaşa cinayət əməlidir və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı maddəsilə (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) cinayət işi başlanılmalı idi. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən (CM-i maddə 308) Elnur adlı polis əməkdaşı işə qeyri-ciddi yanaşır.

Cənab Prezident!

Əlbəttə, mən Yusifə nisbətən kasıbam, arxa-dayaqdan məhrumam, ali savadım yoxdur, fəhlə adamam və məhz bu səbəbdən də şikayətim aidiyyəti qrumlar tərəfindən araşdırılmır, təmin edilmir. Bu açıq-aşkar Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci madddəsində bildirilən "Bərabərlik hüququ" prinsipinə laqeyd yanaşmaq və digər qanunlarımızı heçə saymaq deməkdir.

Hörmətli Prezident!

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, "Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Yuxarıda bildirdiyim kimi, haqqım tapdalanıb, hüquqlarım ayaqlar altına alınıb. Tək və yeganə ümid yerim Sizin obyektiv və ədalətli yanaşmağınızdır. Sizdən çox xahiş edirəm, tezliklə Pənahov Yusif Yadulla oğlu barəsində cinayət işinin başlanılmasını və mənə dəymiş zərərin tam olaraq ödənilməsini təmin edəsiniz. Sizə öz adımdan və ailəmiz adından minnətdarlığımızı bildirirəm”.

 

Suveren.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.