""Qoca" maşının baqajından çıxıb güllə atdı" - FƏDAYA LAÇININ İŞİ

19/11/2018 - 13:18 490 0   0  

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Open.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şahmar Bəyəlizadənin vəkili Rəna Məmmədov çıxış edərək müdafiə etdiyi şəxsə bəraət tələb edib: “Etibar Məmmədovu onun evinə İlqar adlı şəxs gətirib və ondan dərman almasını xahiş edib. Şahmar isə dərmanı alandan sonra İlqar qonağını onunla birgə yola salmağını istəyib. Yolda gedən zaman atışma düşüb və Etibar maşının baqajından çıxıb güllə atıb".
Prosesdə həmçinin taksi sürücüsü Məhəmməd Hacıyevin vəkili çıxış edərək həbsdə olduğu müddəti hesablanıb, məhkəmə zalından azadlığa buraxılması istəyib.
Təqsirləndirilən Günay Atakişiyevanın vəkilləri də müdafiə çıxışı edib. Onlar müvəkkillərinin vərəm xəstəsi olduğunu söyləyib və məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.
Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin vəkili Ziyad Abbaszadə müdafiə çıxışında müvəkkilinin günahsız olduğunu qeyd edib. O, B.Abdullayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə prosesi noyabrın 26-da davam edəcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.