Qarabağ danışıqları üzərindən “sirr pərdəsi” götürülür - okeanın o tayından İrəvana mühüm ismarış

26/01/2019 - 11:08 1 393 0   0  

Son vaxtlar Qarabağ danışıqlarında Qərbin aktivliyinin artması müşahidə edilir. Azərbaycan və Ermənistan prezidentləri arasında Davosda saat yarım çəkən görüş, bundan bir həftə qabaq Parisdə iki ölkə XİN rəhbərlərinin 4 saatlıq görüşü və görüşün yekununda “xalqları sülhə hazırlamağın zəruriliyi” barədə verilən bəyanat bu qənaəti möhkəmlədir.

Əslində keçən ilin noyabrında Düşənbədə baş tutan Əliyev-Paşinyan görüşü də Moskvanın təşəbbüsü yox, bilavasitə ölkə rəhbərlərinin özlərinin iradəsi ilə reallaşan təmas idi. Hələ ki, Rusiyadan nizamlama yönündə ciddi hərəkətlilik müşahidə olunmur.
Dağlıq Qarabağ məsələsi ətrafında müşahidə edilən belə bir pozitiv dinamika söyləməyə əsas verir ki, ABŞ və Avropanın timsalında münaqişənin dinc həlli üçün təşəbbüslərdə artma meyli var. Bu təşəbbüslərin uğurlu olacağı isə əlbəttə ki, Rusiyanın da mövqeyindən, Kremlin bu prosesə nə dərəcədə qısqanc yanaşacağından asılı olacaq.

*****

Rusiyalı politoloq, az öncə Ermənistanın iyunda bir neçə rayonu Azərbaycana qaytaracağını bildirən Stanislav Tarasov isə martda Qərb paytaxtlarının birində Əliyev-Paşinyan görüşünün baş tutacağını iddia edib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, dünən 1 in.am erməni portalına açıqlamasında deyib.
“Gəlin bir məsələyə diqqət edək: Əliyevlə Paşinyan saat yarım danışıblar. Bundan qabaq Məmmədyarov və Mnatsakanyan 4 saat söhbət ediblər. Üst-üstə 5 saat yarım edir. Sual yaranır: bu müddətdə nərd oynamaq, erməni konyakı və Azərbaycan çayı içmək olar. Bəs nə haqda onlar danışıblar?”, - deyə o maraqla sual edib.
Sözünə davam edən rusiyalı ekspert deyib: “Belə çıxır, konkret müzakirə predmeti olub. Hansı? Heç kim bilməyir. Ancaq Azərbaycan heç vaxt Paşinyanla bu səviyyədə təmasa razı olmazdı və İlham Əliyev belə məmnun görünməzdi (birgə foto nəzərdə tutulur - ”YM"), əgər Ermənistandan hansısa məqbul cavab almasaydı. Təxminən martda xarici işlər nazirləri ən yüksək səviyyədə görüşü hazırlayacaq. İndi isə belə bir sual yaranır: Əliyev və Paşinyan harada görüşəcək? Moskvada? Düşünmürəm. Parisdə? Ola bilər. Londonda? Az ehtimallıdır. Vaşinqtonda? Mümkündür".
Öz növbəsində başqa bir rusiyalı politoloq, Kremlə yaxın şəxslərdən sayılan Modest Kolerov “Joxovurd” qəzetinə bildirib ki, Azərbaycanla Ermənistan martda Qarabağla bağlı razılaşma imzalaya bilər (axar.az). Politoloqun sözlərinə görə, tərəflər arasında razılaşma çoxdan mövcuddur, sadəcə, həmin sənədlərə yekun imza həmin tarixdə atılacaq...

*****

Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton özünün twitter səhifəsində özü ilə Davosda olan Paşinyan arasında baş tutmuş telefon söhbətinə aydınlıq gətirib. “Dünən (yanvarın 23-də) mən Ermənistanın baş nazirinə zəng elədim ki, onu təzədən baş nazir təyin edilməsi münasibətilə təbrik edim və erməni xalqını azad və ədalətli seçkilər münasibətilə salamlayım. ABŞ Paşinyanın Ermənistanın rifahlı gələcəyi yönündə səylərini dəstəkləyir” - Bolton yazıb.
Qeyd edək ki, bu zəng İlham Əliyevlə Nikol Paşinyan arasında Davosda baş tutan görüşün (22 yanvar) ertəsi gününə təsadüf edib. Maraqlıdır ki, erməni nəşrlərindən olan “Past” qəzeti yazıb ki, Əliyevlə görüşdən qabaq Paşinyan eks-prezident Levon Ter-Petrosyana zəng edərək, ondan bəzi məsləhətlər alıb.
Nikol Paşinyan vaxtilə Ter-Petrosyanla eyni siyasi təşkilatda olub və onun konfliktin həllinə baxışlarını bölüşüb. O da məlumdur ki, Ermənistanın birinci prezidenti 1998-ci ildə məhz Qarabağ ixtilafının mərhələli həllini, Dağlıq Qarabağın yekun statusunun isə sonraya saxlanmasını nəzərdə tutan nizamlama planına razılıq verdiyi üçün Moskvaya bağlı Qarabağ klanı tərəfindən - ovaxtkı baş nazir Robert Köçəryan (hazırda həbsdədir) və tərəfdarları tərəfindən devrilib. Yəni bilavasitə Kremlin qəzəbinə tuş gəlib.
Əgər Ter-Petrosyan gizli qərbpərəst idisə (onun həyat yoldaşı yəhudidir), Nikol Paşinyan Qərbə simpatiyasını, Ermənistanın Qərbə doğru inteqrasiyasında maraqlı olduğunu gizlətmir. O ayrı məsələ ki, buna onun siyasi səriştəsi və iradəsi çatacaqmı?

*****

Təbii ki, ABŞ da bunun fərqindədir. Lakin okeanın o tayında onun da fəqrindədirlər ki, Ermənistanın inkişafı, Qərbə inteqrasiyası qonşu Azərbaycan və Türkiyə ilə birlikdə, onlarla münasibətlər normallaşacağı halda mümkündür. Bu isə Dağlıq Qarabağ probleminin həllindən keçir - nə barədə ki, həm Con Bolton ötən il bölgəyə, o cümlədən Ermənistana səfəri zamanı açıq bəyan eləmişdi, həm də ABŞ prezidenti Donald Tramp Paşinyana bu günlərdə göndərdiyi təbrik məktubunda birmənalı mesaj yer alıb.
İstisna deyil və Boltonun Əliyev-Paşinyan görüşündən dərhal sonra Paşinyana telefon açması da göstərir ki, Vaşinqton nəhayət, bölgədəki yeni və həssas reallıqları nəzərə alaraq və Rusiya ilə kəskinləşən münasibətlər fonunda Güney Qafqaz uğrunda həlledici mübarizəyə qərar verə bilər. Bundan ötrü əlbəttə ki, Ermənistanın Azərbaycan və Türkiyə münasibətlərinin normallaşması, demək, Dağlıq Qarabağ məsələsində mühüm irəliləyişin olması labüddür.
Məsələ ondadır ki, Barak Obama administrasiyası 8 ildə heç bir ciddi Qarabağ təşəbbüsü göstərmədi. Tutaq ki, Azərbaycan və Ermənistan prezidentlərini Vaşinqtonda görüşdürmədi. Amma Tramp dönəmində bu ideyanın reallaşması mümkündür. Belə bir görüşü indi həm də Ermənistandakı yeni siyasi gerçəklik və Qarabağ ətrafında müharibə riskinin artması diktə edir.
Sözsüz ki, Moskva buna müqavimət göstərməyə, hansısa alternativlər ortaya atmağa çalışacaq. Ancaq gerçək budur ki, Rusiya əlində bunca unikal rıçaqlar ola-ola, on illərdir konfliktin həllinə maraq göstərmir. Əksinə, “işıq gələn” deşikləri dərhal tutur. Levon Ter-Petrosyanın siyasi taleyini xatırlatdıq. 1999-cu il oktyabrın 27-də isə Ermənistan parlamenti gülləbaran edildi və Putinin dostu, ovaxtkı prezident Köçəryana real alternativ fiqurlar olan baş nazir Vazgen Sərkisyan və parlamentin spikeri Karen Dəmirçiyan da daxil, 8 nəfər güllələnərək öldürüldü. Ən önəmlisi, həmin tarixdən az sonra ATƏT-in İstanbul sammitində ABŞ-ən birbaşa patronajlığı ilə Azərbaycanla Ermənistan arasında mühüm anlaşanın imzalanması gözlənilirdi...
Bəs bu dəfə Vaşinqton Moskvanın iradəsini qırıb, planlarını poza biləcəkmi?
“Yeni Müsavat”