Qara dənizdə batan gəmi 3 min ton “oğurluq” kömür daşıyırmış – Azərbaycanlı kapitanı və köməkçisi həlak oldu

08/01/2019 - 11:21 1 414 0   0  

Dünən Türkiyə sahillərində qəzaya uğrayaraq batmış, Panama bayrağı altında üzən “VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırmış.

Virtualaz.org Ukraynanın UNN portalına istinadən xəbər verir ki, Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Mənbə qeyd edir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər və Köçkünlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Türkiyə sahillərində qəzaya uğramış və batmış, Panama bayrağı altında üzən “VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırdı. Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində “VOLGO-BALT” kimi “çay-dəniz” tipli gəmilər üçün qəzalar proqnozlaşdırılandır. Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan etibarən gəmi Panama bayrağı altında üzürdü”, – nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, qəza nəticəsində Azərbaycan vətəndaşları – gəmi kapitanı Turbat Kamil oğlu İsmayılov və kapitanın baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimov həlak olublar.

Gəmidə 20 heyət üzvünün, o cümlədən 9 Ukrayna, 2 Rusiya və 1 Azərbaycan vətəndaşının olduğu bildirilirdi.