Qadını hipnoz edib pulunu apardılar – Video

10/01/2019 - 22:42 5 422 0   0  

Dilənmək adı ilə girdikləri evdə ailə üzvlərini hipnoz vəziyyətinə salıb onlara qarşı soyğunçuluq edirlər.

Suveren.az xezerxeber.az-a istinadən xəbər verir ki, son günlər bu cür cinayətlərə xüsusən də paytaxtda tez-tez rast gəlinir.

Belə bir cinayətə məruz qalan şəxslərdən biri paytaxtın Xətai rayonu, Naximov küçəsində yaşayan Rühəngiz Əhmədzadədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl iki qadın dilənmək adı ilə evinin qapısını döyüb. R. Əhmədzadə onlara müəyyən məbləğdə pul verərək kömək edib. Söhbət əsnasında onlar qadına həm də falçı olduqlarını və yaxın vaxtlarda həmin evdə xoşagəlməz hadisə baş verəcəyini deyərək mənzilə daxil olublar.

Həmin vaxt fırıldaqçı qadınlar ev sahibinə qapını içəridən bağlamağı da tapşırıblar ki, onlara heç kim mane olmasın. Rühəngiz Əhmədzadəni hipnoz etdikdən sonra deyiblər ki, onun qızıllarını ziyarətgaha aparıb təxminən 1,5 saatdan sonra özünə qaytaracaqlar.

Zərərçəkmiş deyir ki, qadınlar getdikdən yarım saat sonra hipnozdan ayılıb və təxminən 4,3 min manat məbləğində ziyana düşdüyünü görüb. İlk olaraq o, bu barədə ailə üzvlərinə xəbər verib.

Qadın özünə gəldikdən bir az sonra polisə də məlumat verib. Xətai rayon Polis İdarəsindən bildirilib ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilir.