“Qaçqınkom”un sabiq sədrinin başı dərddə - GƏLİŞMƏ

23/01/2019 - 09:17 7 198 0   0  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, hazırkı baş nazirin müavini Əli Həsənov çətin vəziyyətə düşüb. Belə ki, Hesablama Palatasının Kollegiya iclasında 1 aprel 2016-1 aprel 2018-ci il dövründə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri müzakirə edilib.

Müzakirə zamanı auditi həyata keçirmiş qrupun məlumatı dinlənilib və fəaliyyət istiqaməti üzrə müvafiq Auditorun hesabatı təsdiqlənib.
Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515030,8 min manat vəsaiti əhatə edib.
Audit nəticəsində normativ hüquqi aktların, eləcə də normativ-metodiki sənədlərin tələblərinə əməl edilməsi ilə yanaşı bəzi nöqsanlara yol verildiyi, komitə tərəfindən əvvəlki auditin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin tam görülmədiyi, bəzi nöqsanların və artıq ödəmələrin təkrarlandığı müəyyənləşib. Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilib, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib.
Azərbaycan prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən 01.01.2017-ci il tarixdən məcburi köçkünlərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilməsi təsbit edilsə də, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.
Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilib ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilib, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol verilib. Həmin vəsait müvafiq qaydada Komitə tərəfindən dövlət büdcəsinə bərpa edilib.
Hesablama Palatası tərəfindən Dövlət Komitəsində həyata keçirilmiş əvvəlki, eləcə də hazırkı nəzarət tədbirləri zamanı müəyyən edilib ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməmiş, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat edib, hərbi xidmətə çağırılıb. Uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan tam çıxarılmayıb. Qanunvericilikdə tələb olunmasına baxmayaraq adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.
Seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməyib, komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.
Nəticədə nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Sadalanan qanunsuzluqların hamısı Əli Həsənovun rəhbərliyi dövrünə təsadüf edir.
Məsələ ilə bağlı Əli Həsənovun adından bakupost.az saytına göndərilmiş məlumatda aşağıdakılar bildirilib: “Hesablama Palatası tərəfindən Baş Prokurorluğa yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ göndərilib. Məlumat Hesablama Palatası ilə dəqiqləşdirilib”.
“Yeni Müsavat”a daxil olan məlumata görə isə proseslər Əli Həsənovu ciddi narahat edir. Özü də yaxşı anlayır ki, bu faktlar onu bitirə bilər. Məlumatlarda o da qeyd edilir ki, Rövşən Rzayev “Qaçqınkom” sədri təyin olunduqdan sonra komitədə xeyli müsbət işlər görülüb. Yeni sədr Əli Həsənovun tanışlıq və qohumluq prinsipi əsasında işə götürdüyü şəxsləri peşəkar kadrlarla əvəzləyib. Eyni zamanda yeni sədr fəaliyyətə başladıqdan sonra komitəyə xeyli gənc əməkdaş da işə qəbul olunub. Əldə etdiyimiz məlumata görə, Ə. Həsənovun mülkləri siyahıya alınır. O, baş nazirin müavini olsa da, iddia edilir ki, qeyri-rəsmi olaraq artıq səlahiyyətlərini itirmiş hesab edilir. Bildirilir ki, hazırda Əli Həsənovu qoruyan tək “qalxan” onun Yeni Azərbaycan Partiyasının sədr müavini olmasıdır...
“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, istənilən halda rəhbər işçi birinci olaraq məsuliyyət daşıyır: “Əli Həsənov istənilən halda tutduğu vəzifəyə görə məsuliyyət daşıyır. Çünki idarəçilik ondadır. Əli Həsənov ”Qaçqınkom" sədri olan zaman hər kəs bu məsələlər barəsində məlumatlı idi. Hələ qeyd olunanlar xırda faktlardır. Söhbət böyük məbləğlərdən gedə bilər ki, bu da məcburi köçkünlərə tikilən mənzillərlə bağlıdır. Bu barədə də yazırdılar ki, qəsəbələrin tikintisində yeyintilər böyükdür, evlər keyfiyyətsiz tikilir. Eyni zamanda evlərin məcburi köçkün olmayan şəxslərə satılması ilə bağlı da mətbuatda xeyli yazılar dərc olunub. Bütün bunlar da nəzərə alınmalıdır. İstintaqın gedişatını gözləmək lazımdır və media da bunu nəzarət götürüb, ictimai nəzarət işini aparmalıdır. Əli Həsənovun məsuliyyətə cəlb olunacağına inanmıram. İndiyə qədər bir neçə dəfə görürük ki, böyük vəzifəli şəxslər işdən çıxarılıb, ancaq heç bir məsuliyyətə cəlb olunmayıblar. Hərçənd ki, onların idarə etdiyi qurumlarda xeyli yeyintilər ortaya çıxarılıb. İndi də yəqin ki, kiçik ranqlı işçilər məsuliyyətə cəlb olunacaq.