“PUTİN HİTLER VƏ STALİNDƏN DAHA TƏHLÜKƏLİDİR” - Polşanın baş naziri Avropaya təhlükə barədə xəbərdarlıq edib

12/05/2022 - 12:03 2 413 0   0  

“Rusiya diktatoru Vladimir Putin Adolf Hitler və İosif Stalindən daha təhlükəlidir, çünki onun XX əsrin diktatorlarından daha çox öldürücü silahları var”.

Suveren.az “The Daily Telegraph”a istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.

Polşa baş nazirinin sözlərinə görə, Rusiya informasiya məkanını milyonlarla saxta xəbərlə yoluxdurub. Ona görə də dünyanın “putinsizləşdirmək” lazımdır:

"Putinin "Rus dünyası" ideologiyası 20-ci əsrin kommunizmi və nasizminin ekvivalentidir. Bu, Rusiyanın öz ölkəsi üçün qondarma hüquq və imtiyazlara haqq qazandırdığı ideologiyadır. Onun kökü kəsilməlidir".

Moravetski Putinin mayın 9-da keçirilən paradda Rusiyanın bu gün “nasizm”lə mübarizə apardığı haqda bəyanatına da münasibət bildirib. Baş nazir vurğulayıb ki, rus diktatoru Rusiyanın nasizmi məğlub etməsi mifini inkişaf etdirir, lakin Şərqi Avropa ölkələrində SSRİ-nin müharibədən sonrakı onilliklər ərzində repressiyaları və ifratları haqqında danışmır.

"Putin Hitler və ya Stalin deyil. Təəssüf ki, o, daha təhlükəlidir. Avropa ona mane olmasa, Putin rus qoşunlarını Avropaya da göndərəcək. Onu harada dayandıracağımız bizdən asılıdır", - Moravetski xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 4-də Mateuş Moravetski Fransa prezidenti Emanuel Makronu Rusiya prezidenti Vladimir Putinlə tez-tez söhbət etdiyinə görə tənqid edib.

"Prezident Makron, Putinlə neçə dəfə danışmısınız və nəyə nail oldunuz? Biz cinayətkarlarla danışıqlar aparmırıq, çünki cinayətkarlarla mübarizə aparılmalıdır... Hitlerlə heç kim danışıqlar aparmayıb. Hitlerlə, Stalinlə, Pol Potla danışıq?”