PREZİDENTİN FACEBOOK STATUSUNUN SİRRİ - Ölkə başçısı jurnalistləri niyə təbrik etmədi? / TƏHLİL

22/07/2020 - 19:23 4 735 1   0  
Bu gün Azərbaycanda Milli Mətbuat günüdür! Milli olmayan, mövcudluğu şübhə doğuran, illərdir hakimiyyətin və bir qrup oliqarxın əlində can verən mətbuatın günü!
Bu gün bir qrup jurnalist dövlət mükafatları ilə təltif olundu! Hətta dövlət əleyhinə olanlar, bütün "yaradıcılığı" dövlətə və millətə qarşı fəaliyyət göstərməkdən ibarət olanlar belə, prezidentin adından mükafatlandırıldılar! Onlardan “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Mədəniyyət İşçisi”, “Əməkdar Jurnalist”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, hətta “Dostluq” ordeninə və pezidentin fərdi təqaüdünə layiq görülənlər oldu.
Təbii ki, bu jurnalistlərin ismini bir-bir sadalamaq fikrində deyilik. Ədalət naminə deməliyik ki, bu şəxslərin içərisində ləyaqətli yazarlar da var.  Amma ona da əminik ki, mükafatçılar sırasından olan şəxslərin bir çoxu jurnalistikdan xəbərsiz olmaqla yanaşı, aldıqları mükafatın adı ilə fəaliyyətləri tamamilə tərs mütənasibdir. Bu şəxslər öz peşə fəaliyyətlərini məhz bu və ya digər məmura mirzəlik etməyə həsr etdikləri üçün həmin mükafata layiq görülüblər. Ən önəmlisi isə odur ki, onları o mükafata prezident layiq görməyib. Əslində, prezident İlham Əliyevin bugünkü Azərbaycan mətbuatına münasibəti səhər tezdən “Facebook” səhifəsində paylaşdığı bircə cümlədən bəlli idi: “Əsası “Əkinçi” ilə qoyulan, maarifçilik, müasirlik və müstəqillik ideyalarının daşıyıcısı olan Azərbaycan mətbuatı hər zaman ölkəmizin həyatında mühüm rol oynayıb”. Göründüyü kimi, prezident öz səhifəsində jurnalistləri təbrik etməyi lazım bilməyib. Halbuki, məlum statusun arxasından cəmi bir cümlə ilə öz təbrikini çatdıra bilərdi. Lakin ölkə başçısı buna ehtiyac görmədi. Çünki Azərbaycan mətbuatı o təbrikə layiq deyil. Prezident də bilir ki, o təbrikə layiq olan media nümayəndələri tək-tək, bəlkə də barmaqla sayılası qədər. Onların içərisində isə bu gün adları mükafatçılar siyahısında olan bir, ya da iki nəfərə rast gəlmək olar.
Əlbəttə, öz "Facebook" səhifəsində jurnalistləri təbrik etmədiyinə görə prezidenti qınamaq doğru olmaz. Bu münasibəti Azərbaycan mediasının özü qazanıb. Şübhəsiz, burada illərdir mediaya "atalıq" etmək istəyən məmurların, ayrı-ayrı oliqarxların da payı az deyil. Məhz onların pulu və jurnalistliklə mirzəliyi səhv salan qələm daşıyıcılarının doymaq bilməyən nəfsi Azərbaycan mediasını bu günə qoyub. Bir də illərdir mediaya Əli Həsənov təfəkkürü ilə yanaşmaq!..
Əslində, bugünkü mükafatlandırma törəni onu göstərir ki, Ə.Həsənov təfəkkürü, onun qurduğu sistem hələ də Prezident Administrasiyasında hakimdir. Bu, bəlkə də Əli Həsənovun kadrlarının, xüsusən də ən sadiq adamı, keçmiş köməkçisi Vüqar Əliyevin hələ də mükafat təyin edənlər siyahısında yer alması ilə bağlıdır. Görünür, uzun zamandır bu sahədə müsbət dəyişiklik gözləməklə biz sadəcə özümüzü aldadırmışıq. Axı, başqa cür düşünə də bilməzdik. Dedilər ki, Əli Həsənov getdi, artıq mətbuat daha gənc və islahatçı bir kadra - prezidentin köməkçisi Anar Ələkəbərova tapşırılıb. Biz nə biləydik ki, A.Ələkbərov Ə.Həsənovun siyasətini addım-addım izləməkdən başqa bir iş görməyəcək?! Biz nə biləydik ki, hakimiyyətdə Ə.Həsənovun qurduğu sistemi dağıtmaq gücündə və qabiliyyətində olan bircə nəfər də media bilicisi yoxdur?!
Qərəz, hakimiyyətdə kadrlar dəyişsə də, xüsusən də media sahəsində siyasətin dəyişmədiyi göz önündədir. Artıq özümüzü aldatmayaq ki, yeni təyin olunan kadrlar "inqilabi dəyişiklik" edəcək. Zənnimizcə, bu təfəkkürlə heç nə dəyişməz! Ölkədə müsbət dəyişikliyə nail olmaq üçün ilk növbədə məmurların təfəkkürü yenilənməlidir. Kadrların yenilənməsi hələ heç nə demək deyil. Üstəlik, hələ ona da əmin deyilik ki, yeni kadrlar da öz sələfləri kimi prezidentə yalan məlumat vermirlər...
Bir halda ki, söhbət mətbuatdan düşüb, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) rəhbərliyində baş verən dəyişikliyə də bir anlıq nəzər salaq. Biz dünənədək KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərlini ittiham edirdik ki, bir qrup baş redaktorla əlbir olub, mətbuata ayrılan milyonlarla vəsaiti talan edir. Deyirdik ki, bazarlarda meyvə bükməkdən başqa heç bir şeyə yaramayan qəzetlərə hər ay külli miqdarda vəsait ayırmaq dövlətin, xalqın pulunu göyə sovurmaqdan başqa bir şey deyil. Üstəlik, bu pulların böyük hissəsinin həmin qəzetlərdə çalışan jurnalistlərə çatmadığını və kitabdan-kitaba salınıb baş redaktorlar tərəfindən mənimsənildiyini də faktlarla təqdim edirdik. Lakin bütün bunlara vaxtında əhəmiyyət verilmədi...
Təəssüf ki, indi də KİV DF-nin yeni rəhbərliyi həmin səhvi təkrarlayır. Üstəlik, Ə.Həsənov və V.Səfərliyə aid olan 2-3 qəzet istisna olmaqla, yenə eyni mətbu orqanlara maddi dəstək verilir. KİV DF rəhbərliyini dəyişməkdə məqsəd elə bu 2-3 qəzeti sıradan çıxarmaq idi? Axı, bu gün sən Ə.Həsənovun qəzetlərinə maliyyə dəstəyini kəssən də, onun ən sadiq adamları, illərlə xidmətində duran baş redaktorlar yenə də "mətbuata dəstək" adı altında dövlətin pulunu mənimsəməkdədirlər. Rəhbərlik etdiyi qəzetlər də nəinki inkişaf edir, əksinə günbəgün zəifləyib sıradan çıxır. Sizin inkişaf anlamınız  budur, cənablar?!
 
Suveren.az
P.S. Əlbəttə, hansısa qurumları ayrı-ayrılıqda ittiham etməyimiz doğru deyil. Kimsəyə sirr deyil ki, bu qurumların başı Prezident Administrasiyasına bağlıdır. Odur ki, burada zehniyyət dəyişmədikcə, cəmiyyətdə nəyinsə müsbətə doğru dəyişəcəyinə inanmaq sadəlövhlük olar.