Prezident Jeenbekov Bakıda tutulan yüksək vəzifəli “korrupsioner” haqda - “MƏNİM DOSTUM İDİ, AMMA GÖRÜRSÜNÜZ DƏ...”

19/12/2018 - 12:29 1 735 0   0  

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün dekabrın 19-da keçirdiyi mətbuat konfransında korrupsiya ilə mübarizə tədbirləri barədə danışıb. Virtualaz.org xəbər verir ki, prezidenti bu zaman bir neçə gün əvvəl Bakıda saxlanılan keçmiş yüksək vəzifəli məmur-Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisi və Avrasiya İttifaqı “hökuməti”ndə nazir postunu tutmuş Adamkul Junusovu da xatırladıb.

“Mən Adamkul Junusovla dost idim, yaxşı münasibətlərim vardı, amma görürsünüz də, onu bu yaxınlarda tutdular. Tezliklə gətirəcəklər”-dövlət başçısı bildirib.
Adamkul Junusov korrupsiyada ittiham olunur və barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi. Axtarışa veriləndən sonra bir müddət Nyu-Yorkda gizlənib, dekabrın əvvəllərində Nyu-Yorkdan Bakıya uçub və Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Hazırda onun Qırğızıstana ekstradisiyası üçün proseduralar həyata keçirilir, Junusov ekstradisiyaya qədər Kürdəxanı təcridxanasında saxlanılacaq.
Qırğızıstan prezidentinə görə kimliyindən asılı olmayaraq korrupsiya əməllərinə yol verənlərin cəzalandırılmasını qanun tələb edir. “Əgər korrupsiya ilə seçim əsasında mübarizə aparsaq bu dəyənək mənə geri dönəcək və bir ucu məni vuracaq. Belə olmaz”-Jeenbekov deyib.