Prezident “Diqlas” yanğınını söndürdü: - sahibkarlara dövlət yardımı, fürsətçilərə ağır zərbə

29/03/2019 - 10:41 9 238 0   0  

“Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində zərər görən vətəndaşlarla bağlı gözlənilən qərar verildi. Belə ki, prezident İlham Əliyev zərərçəkənlərə dövlət tərəfindən yardım edilməsini tapşırdı.

Əvvəlcə qeyd edək ki, martın 28-də səhər saatlarında “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı zərərçəkən sahibkarlar yenidən Nizami Rayon İcra Hakimiyyətinin qarşısına toplanmışdılar. İcra hakimiyyətində ticarət mərkəzinin rəhbər şəxslərinin, rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun və Prezident Administrasiyasının nümayəndələrinin də iştirakı ilə zərərçəkən sahibkarlarla görüş keçirilib. Sahibkarlara bildirilib ki, onlara dəymiş zərərə görə dövlət tərəfindən yardım veriləcək.

Nizami rayon icra başçısının müavini Qərib Məmmədov “Yeni Müsavat”a açıqlamasında sahibkarların narazılığına son qoyulduğunu bildirib: “Müşavirəyə Prezident Administrasiyasından şöbə müdirinin müavini Hüseyn Veysəlov, İqtisadiyyat Nazirliyindən, Sahibkarlar Konfederasiyasından, Vergilər Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlmişdilər. Sahibkarların iştirakı ilə iclas keçirildi. Hüseyn Veysəlov elan etdi ki, prezidentin tapşırığı ilə gəlib, tapşırıq verilib ki, sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödənilsin. Bunun üçün də komissiya təşkil olunacaq, tam araşdırılacaq, araşdırma nəticəsində kimə nə qədər ziyan dəydiyi təyin olunacaq və onun əsasında yardımlar ödəniləcək. Bu açıqlamadan sonra ticarətçilər hamısı verilən qərarı alqışlarla qarşıladı, minnətdarlıqlarını, razılıqlarını bildirdilər. Artıq narazılıq üçün heç bir əsas qalmayıb. Onların tələbi yardım almaq idi. Dövlət rəhbəri tərəfindən tapşırılıb ki, camaata dəyən ziyan dövlət tərəfindən ödənilsin və onların bundan sonra da öz fəaliyyətlərini davam etdirmək imkanı olsun”.

Yanmış binanın aqibətinə gəlincə, Qərib Məmmədov bildirib ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi hazırda komissiya yaradıb, iş aparılır və onların rəyi əsasında qərar veriləcək: “Bu özəl bir müəssisədir, FHN-in rəyinə uyğun olaraq ya təmir olunacaq, ya da sökülüb yerində yeni bina tikiləcək. Bunu komissiyanın apardığı araşdırma nəticəsində biləcəyik”.

Ticarət müəssisəsinin rəhbərlərinin məsuliyyət məsələsinə münasibət bildirən Q.Məmmədov deyib ki, bu qərar komissiyanın və Fövqəladə Hallar Nazirliyinin verdiyi rəy əsasında formalaşacaq.

“Rayon ərazisində müvafiq təhlükəsizlik tədbirlərinə, standartlara əməl etməyən digər ticarət müəssisələri ilə bağlı hansı iş aparılacaq” sualına cavab verən icra başçısının müavini bu tədbirlərin gündəlik olaraq davam etdiyini vurğulayıb: “Bu işlər hər zaman aparılır, nəzarətdə saxlanılır. Problem odur ki, bizdə bu sahəyə nəzarət edən adamların sayı bu ticarət mərkəzində və ətrafında xırda ticarətlə məşğul olanların sayından çox azdır. Burada insanlar özü də diqqətli olmalıdırlar. Bir az hava soyuq olan kimi, satıcının biri tez alışan malların düzüldüyü piştaxtanın altına özü üçün qızdırıcı pilətə qoyur. Digəri özü üçün elektrik xətti çəkir, elektrik avadanlığı qoyur. Bu xaos nəticəsində problemlər yaranır, xətlərin öz gücündən artıq yüklənməsinə səbəb olur. İnsanların özü də diqqətli olmalı, təhlükəsizliyi qorumalıdır. Dövlət qurumları tərəfindən hər zaman müvafiq tapşırıq verilir, nəzarət işləri aparılır. Heç bir qurum istəməz ki, onun nəzarətində olan ərazidə belə bədbəxt hadisələr baş versin. İnsanların səhlənkarlığı olur, bunu hamımız bilirik. Belə hadisələr insanların təhlükəsizlik məsələlərinə laqeyd yanaşmasının nəticəsidir. Belə insanların maarifləndirilməsinə də ehtiyac var”.

Günün ikinci yarısında isə “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilməsi xəbəri yayıldı. Prezident İlham Əliyev müşavirədə ticarət mərkəzində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib.

Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Prezident İlham Əliyev iki gün ərzində Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

“Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, - deyən prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğuladı.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ilə çıxış ediblər.

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərərçəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

***

Bu proseslərdən sonra “Yeni Müsavat”ın reportyor qrupu olaraq “Diqlas” Ticarət Mərkəzinin qarşısına yollanaraq zərərçəkənlərlə həmsöhbət olduq. Onlar ölkə prezidentinin qərarından razı qaldıqlarını, dərin minnətdarlıq etdiklərini bildirdilər. Söylədilər ki, ölkə prezidenti onların arzuladıqları addımı atıb. Zərərçəkənlər bildirdilər ki, onlara və dövlətə zərər vuranlar, yanğında günahı olanlar da cəzalandırılmalıdır.

Söhbət etdiyimiz zərərçəkənlər bildirdilər ki, ticarət mərkəzində normadan artıq mağaza tikilib:

“”Diqlas"da həmişə elektrik xətlərində problem olub. Bunun da səbəbi odur ki, normadan artıq mağaza açmışdılar. Pilləkənin üstünü, koridoru, sanitar qovşağının qarşısını belə kəsib mağaza etmişdilər. Ona görə də elektrik xətləri dözmürdü. Ticarətçilər özləri işıqları söndürməklə yanaşı, hər gün işdən sonra ticarət mərkəzinin işıqları ümumi xətdən ayrılırdı. Ancaq xətlər çox yüklənmişdi".

Ərazidə olduğumuz zaman ticarət mərkəzinin idarəçilərindən olan Rasim Məmmədov da sakinlərin arasında idi. O, “Yeni Müsavat”a bildirdi ki, günahkar kimdirsə məlum olacaq: “Hazırda işlərimizi görək. Elə mallar var ki, onlar yanmayıb. Baxıb onları seçmək lazımdır. Bu ticarət mərkəzi təmir olunacaq, insanların hamısı işlərinin başına qayıdacaqlar. Biz bu adamlardan qazanmışıq. Eyni zamanda işlərimizin hamısını qanuni şəkildə görmüşük. Bəzən deyirlər ki, filan qədər işıqpulu ödəmişik. Bəs biz də həmin pulları dövlətə ödəməsəydik, elektrik verilərdi? İşlərin hamısı qanuni şəkildə görülüb. İcarə odur ki, biz ticarətçilərə xidmət göstəririk. Bir adam desin ki, biz Rasim müəllimdən narazıyıq. ”Diqlas" haqqında mənfi fikir söyləyənlərin heç bura aidiyyəti yoxdur. Təxribat törədənlərin ticarətlə əlaqəsi yoxdur. Müəyyən qüvvələr var ki, buradakı vəziyyətdən istifadə edib, qarışıqlıq yaratmaq istəyirlər. Buna imkan vermək olmaz. Biz buradayıq və camaatın içərisindəyik. Sadəcə olaraq, səbirli olun. Hazırda binanın içərisinə daxil olmaq təhlükəlidir. Ona görə də indi içəri keçmək olmaz. Dünən burada təxribat oldu. Mənim telefonumu da qırdılar. Çalışaq hər şeyi sakit qaydada, səbirlə edək".

***

Bir məqamı vurğulayaq ki, məlum olayla bağlı həm ölkə daxilində, həm də ölkə xaricində bəzi qüvvələr fəallaşmışdılar. Onlar yüzlərlə ticarətçinin narazılığını başqa istiqamətlərə yönəldib, ölkədə qeyri-sabitlik yaratmaq arzusunda idilər. Buna misal kimi, Milli Şuranın martın 27-də günün ikinci hissəsində tələm-tələsik mitinq qərarı verməsini göstərmək olar. Aprelin ayının 6-na mitinq təyin edən MŞ rəhbərliyi yəqin bununla “Diqlas”da malları yanaraq külli miqdarda zərərə düşmüş vətəndaşları öz avantürist siyasətlərinə alət etməyi planlaşdırırdılar. Lakin prezident son addımı ilə həm xalqın yanında dayandığını bir daha göstərdi, həm də vətəndaşın ağır günündən sui-istifadə etmək istəyən qüvvələrə layiqli cavab vermiş oldu. 
“Yeni Müsavat”