Politoloq Nəzakət Məmmədova: "Mafioz ordunun Ali baş komandanından Vyanada nə gözləmək olar?!"

27/03/2019 - 23:17 8 344 0   0  

Azərbaycan və Ermənistan dövlət başçılarının Vyana görüşü ərəfəsində cəbhə xəttində atəşkəs intensiv pozuldu, Azərbaycanın hərbi qulluqçusu həlak oldu, cavab atəşi nəticəsində qarşı tərəfdən də işğalçı ordunun əsgəri öldü. Bu artıq Ermənistanın dəsti-xəttinə çevrilib ki, dövlət başçılarının görüşü zamanı, yaxud xarici ölkələrin yüksək rütbəli vəzifəli şəxsləri Dağlıq Qarabağla bağlı regiona səfər edən zaman atəşkəsi pozub bununla danışıqlar prosesində konstruktiv mövqe tutmayacaqları mesajı versinlər. Son Vyana görüşü də cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə atəş açılması ilə müşahidə olundu.

Bu, Azərbaycana olduğu qədər Ermənistanın liberal obraz yaratmağa çalışan baş naziri Paşinyana da xəbərdarlıq sayıla bilər. Məlumatlara əsasən, Paşinyan işğalçı ölkələrdə "müqəddəslər müqəddəsi" sayılan toxunulmaz, imtiyazlı bir sahəyə - hərbiyə müdaxilə edə bilməyib, Ermənistan Müdafiə Nazirliyində baş nazirin mövqeləri çox zəifdir, hakimiyyətə gələndən orada kadr dəyişikliyi edə bilməyib və Rusiya bu sahəyə nəzarəti öz əlində saxlamaqda davam edir. Belə bir şəraitdə təbii ki, ordu siyasi rəhbərliyin nəinki qərarlarını tanımır, hətta onu sülhə getməməsi üçün şantaj edir. Paşinyan həm separatçı Qarabağ silahlılarının, həm də Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki bütün hərəkətlərinə görə məsuliyyət daşıyır, cünki konstitusiyaya görə Ali baş komandan səlahiyyətinə malikdir.

Lakin ordu öz Ali baş komandanına nəinki itaətsizlik göstərir, hətta atəşkəsi pozmaqla onu danışıqlar masasında çətin duruma salır və hər vəchlə sülhə qarşı çıxır. Ermənistan ordusu mafiya qanunları ilə idarə olunan korrupsiyalaşmış strukturdur, qanunların olmadığı, özbaşınalıq hökm sürən Ermənistan kimi ölkələrdə ordu dövlət icində dövlətdir. Mafiyalaşmış ordu jurnalist, liberal Ali baş komandana tabe deyil. Paşinyan Vyanaya Əliyevlə danışıqlara gedir, işğalçı ordu isə Azərbaycan torpağında iriçaplı pulemyotlardan atəşkəs rejimini pozur, təxribat törədir. Bununla belə bu, Paşinyanı məsuliyyətdən azad eləmir. Lakin Vyana danışıqlarında irəliləyiş ehtimalı zəifdir. Bu, Paşinyanın danışıqlar masasına rəsmi münaqişə tərəfi kimi əyləşməsi, əvvəlki formatı qəbul etməsi baxımdan diqqətəlayiqdir. Lakin sin proseslər də göstərir ki, sülh yaxında deyil. Vyana görüşü isə həmsədrlərin öz funksiyasını davamlı şəkildə yerinə yetirdiyini göstərmək üçün növbəti ümidverici olmayan görüşdən başqa bir şey deyil.