Polietilen torbaların pullu olması məsələsi yenidən gündəmdə

31/01/2019 - 09:28 2 773 0   0  

“Bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür”

Azərbaycanda bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik qablar və polietilen torbalardan tədricən imtina edilməsi istiqamətində işlər aparır.  Bütün bu işlərin fonunda mağazalarda müştərilərə pulsuz  verilən sellofan torbaların da bu ildən  etibarən pullu olacağı söylənilir.

Məhz bu məqamda insanlarda məsələ ilə bağlı narazılıq yaradır. Lakin onu da qeyd edək ki, Avropanın bir çox ölkələrində, eləcə də Türkiyədə polietilen torbalardan Azərbaycanda olduğu kimi istifadə edilmir. Bir çox ölkələrdə isə bu torbalar pulludur. Müştəri bu cür torbaları almaq üçün əlavə ödəniş edir.

Məqsəd sellofan torbalardan istifadəni minimuma endirməkdir.

Məlumatlarda qeyd olunur ki, sellofanların tərkibində xərçəng əmələ gətirən və hüceyrələri dağıdan maddələr var. Bu torbaların istifadəsi sağlamlıq üçün təhlükə olmaqla bərabər, ətraf mühitə də ziyan vurur, ekologiyanı zədələyir. Bu tullantılar yandırarkən havaya ayrılan zəhərli qazlar insanların sağlamlığına, heyvanların isə məhvinə gətirib çıxarır. Bütün bu kimi səbəblərə görə dünyada da bu təhlükənin qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Yeni Müsavat”a bildirib ki,  polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir:

“Bu torbalar  təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq, ətraf mühiti çirkləndirir. Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik. Bir daha qeyd edirəm ki, polietilen torbaların pullu olmasını  dəstəkləyirik”.

İ.İbrahimova bildirib ki, marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür:“Alıcılar da pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır.  Mənimlə yəqin razılaşarsınız ki, bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır”.

İradə İbrahimova  Ekologiya ile ilgili görsel sonucu

İ. İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb: “Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir.

ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır".

Onu da qeyd edək ki, nazirliyin sektor müdiri Mehman Nəbiyev jurnalistlərə açıqlamasında bildirib ki, plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə ETSN beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib:

 “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə ”Tədbirlər Planı" qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlanılacaq. “Tədbirlər Planı”nda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb. Beynəlxalq təcrübə göstərir ki, bu torbalar ödənişli olduqdan sonra onlara olan tələbat 95 faizədək azalır. Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib".

“Yeni Müsavat”