Paşinyandan rəsmi Bakının istəyinə cavab: "Azərbaycanı hədələmək mənimlə razılaşdırılıb"

02/04/2019 - 19:46 9 181 0   0  
Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən bir neçə saat sonra Ermənistan müdafiə naziri David Tonoyanın ABŞ-da Azərbaycanı “yeni müharibə və yeni ərazilər zəbt etməklə” hədələməsi artıq məlum məsələdir və Azərbaycan tərəfin düşmənin bu hədəsinə ciddi reaksiya vermədiyi, yalnız yumşaq  bəyanatlarla cavab verdiyi də ictimaiyyətə bəllidir. Qeyd edək ki, Azərbaycan XİN-in verdiyi bəyanatının mahiyyətindən anlaşılırdı ki, Ermənistanın baş naziri Paşinyanın müdafiə nazirinin verdiyi bəyanatdan xəbəri yoxdur, ya da ümid edilirdi ki, baş nazir bu bəyanata münasibət bildirsin. Azərbaycan XİN-in bəyanatındakı bu hissəni diqqətinizə çatdırırıq:” Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edib, yoxsa bu, nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdır?" 
 
 Azərbaycan Müdafiə nazirliyinin bəyanatı isə daha dərinə gedərək düşmən ölkənin rəhbərliyi arasında bir-birini eşitməmək kimi qarışıq bir vəziyyət olduğunu qeyd etmişdi: “Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli ilə bağlı Vyanada keçirilən görüşü müsbət dəyərləndirdiyi halda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz çıxışı Ermənistan hakimiyyətində mövcud olan hərc-mərcliyin, ikitirəliyin və özbaşınalığın əyani sübutudur”. Bu, bizim Müdafiə nazirliyinin mətbuat xidmətinin Tonoyanın hədəsinə olan münasibətidi. Göründüyü kimi, hər iki qurumun bəyanatında Paşinyan bu işdən kənar tutmaq cəhdi var və ya arzu edilir. Hiss olunur ki, məqsəd  Vyana görüşünün üstünə kölgə salmamaqdı.
 Nəhayət, bu gün Paşinyan bütün “narahatlıqlarımıza və istəklərimizə” son qoydu və görün nələr dedi:”Əgər David Tonoyan başqa byanat versəydi, mən onu müdafiə naziri vəzifəsindən azad edərdim” Tonoyanın “xəndəkdən çıxıb yeni ərazilər uğrunda yeni müharibə” formatına keçmək bəyanatını da yüngül şəkildə interpretasiya edən erməni baş nazir” ..,Tonoyan deyib ki, əgər yeni müharibə olarsa , biz qələbə üçün çalışacağıq. Başqa bəyanat müdafiə nazirinin istefasına gətirib çıxarardı”-deyib. Bu bəyanatın onunla razılaşdırılması sualına  Paşinyan cavab verib ki, “müdafiə naziri baş nazirə tabedi”. 
 
Beləliklə, Paşinyan nəinki Azərbaycan XİN-in sualına və istəyinə cavab verib, həm də Vyana danışıqlarını vecinə almadığını, Azərbaycanı hədələyən müdafiə nazirini dəstəklədiyini və özünün də belə bir hədəyə şərikliyini nümayiş etdirmiş oldu. Doğrudan da Paşinyan niyə bizdən çəkinsin, bizdən qorxsun ki? Biz Qarabağ məsələsində nə vaxt əlimizi ağdan-qaraya vurduq, dilimizi də sərt etdik ki, Paşinyan da bizdən ehtiyat edə? Paşinyan hakimiyyətə gələndən Qarabağı su yoluna döndərib-Kəlbəcərdən girib, Şuşadan çıxır, Laçından soxulub Xankəndində at oynadır. Bir dəfə də tərəfimizdən nə sözdə, nə əməldə çəkindirici bir şey hiss etməyib. 
 
  İşğalçı bizi yeni ərazilərimizi işğal etməklə hədələyir və bunu açıq söyləyir, işğala məruz qalan Azərbaycan isə Paşinyanın status-kvonu saxlamaq və atəşkəsi möhkəmləndirmək, üç aydan sonra görüşdə razılaşdırılan kimi, “humanitar proses” olaraq bəlkə iki-üç əsir verəcəyinə baxacağı haqqında dediklərini az qala qələbə kimi təqdim edir. 
 
Ermənistan baş nazirinin, müdafiə nazirinin bəyanatlarına, hədə-qorxularına adekvat statusda  nə sözdə, nə əməldə cavab verməməyimiz bütün cəmiyyətdə ruh düşkünlüyü yaradıb. Düşmənin bu qədər arxayınçılığının səbəbi və səbəbkarı - Azərbaycanın özüdür. Paşinyan bir tərəfdən atəşkəsin möhkəmləndirməsi barədə sənədə bizə qol çəkdirir, o biri tərəfdən bizim yeni ərazilərimizi işğal etməklə hədələyir. Vyana görüşü və görüşdən sonra Ermənistan rəsmilərinin verdiyi bəyanatlar göstərir ki, Azərbaycanın maraqlarına xidmət etməyən bu cür görüşlərdən imtina edilməli və erməni tərəfin hədə və başqa hərəkətlərinə sərt və kəskin reaksiyalar verilməlidir. Həmsədrlər qarşısında erməni rəhbərliyinin bu müharibə bəyanatları qaldırılıbmı? Aprel döyüşlərindən sonra üstümüzə düşüb, bizə elə həmin Vyana görüşündə öhdəliklər götürdən vasitəçilərə “yeni ərazi, yeni müharibə” ritorikası çatdırılbmı? Amma, ən yaxşısı qabaqlayıcı döyüş zərbəsi, düşməni sarsıdan bir əməliyyat keçirilsə daha yaxşı olardı və buna etiraz edəcək Minsk Qrupuna o zaman deyilməlidir ki, sizlər Tonoyanın müharibə bəyanatına, Paşinyanın onu dəstəklədiyinə reaksiya vermədiyinizə görə, bu addımı atmağı məqsədəuyğun hesab etmişik. Veriləsi cavab imkanları çoxdu, sadəcə ürək, istək, iradə lazımdır. Biz-Azərbaycan xalqı  hələ ki, bu keyfiyyətləri görmürük.
 
Ermənilərin aşağılayıcı ritorikasına qarşı, üç il əvvəlki aprel döyüşləri günlərinin ildönümündə hərbi ritorika ilə cavab verməyə, bizi düşmən özü məcbur edir. Əlimizdə son günlərdə baş verənlər kimi tutarlı səbəblər var. Eyni zamanda, Paşinyan və komandası özlərinin demokrat imici ilə bizi bu qədər rahat hədələyə bilirlərsə, bu yalançı, psevdo imici  məhv etmək üçün diplomatiyamızın ciddi təbliğatına və fəaliyətinə ehtiyac var. 
 
Biz düşmənlə mübarizənin ən effektli yolunu seçməsək, ermənilər bizi aşağılayan və hədələyən bəyanatlarını artıracaq və üstələyəcəklər. Düşmənə bu imkanı heç cür vermək olmaz! 
 
İlham İsmayıl