Paşinyan yenidən Brüsselə gedir –Ermənistan baş nazirinin səfər qrafiki açıqlandı.

04/03/2019 - 23:34 6 478 0   0  

Ermənistanın baş naziri Nikol Paşinyan martın 3-5 arası Belçikada işçi səfərdə olacaq.

Bildirilir ki, Paşinyan səfər çərçivəsində Avropa Birliyi şurasının rəhbəri Donald Tusk, Avropa Komisiyasının rəhbəri Jan Klaud Yunker, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəsmisi Federika Mogerini ilə görüşəcək.

Paşinyanla Tusk görüşdükdən sonra mətbuata açıqlama verəcəklər. Onun həmçinin Jan Klaud Yunkerlə birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Paşinyan səfər zamanı Avropa Parlamentinə də baş çəkəcək və birliyin xarici münasibətlər komitəsində çıxış edəcək.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə, Paşinyan səfər çərçivəsində Belçikanın universitet mərkəzlərindən biri sayılan Leven şəhərində də olacaq. Bu şəhər Flandriya regionunda yerləşir. Baş nazir Katolik universitetindəki tədris və tədqiqat institutları, araşdırma və texnologiya inkişafı ofisi, IMEC araşdırma mərkəzi və sağlamlıq mərkəzinin fəaliyyətləri ilə tanış olacaq.

Səfər çərçivəsində Ermənistanın təhsil və elm nazirliyi ilə Flandriya xarici əlaqələr departamenti, həmçinin IMEC araşdırma mərkəzi arasında anlaşma memorandomunun imzalanacağı gözlənilir.

Onun Brüsseldə erməni icmasının üzvləri ilə də görüşü planlaşdırılıb.