Paşinyan təzə təyyarə alır, okeanın o tayına uçmağa...

30/10/2019 - 23:45 4 637 0   0  

Ermənistan baş naziri Nikol Paşinyan yeni təyyarə almaq istəyir.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hökumət aparatının rəhbəri Eduard Ağacanyan baş nazirə xidmət etmək üçün yeni təyyarə almaq planları barədə danışıb.

“Baş nazirə xidmət edən indiki təyyarə transatlantik uçuşlar həyata keçirmək imkanında deyil. Ekspertlər hesab edir ki, laynerin modernizasiyası üçün milyonlarla dollar lazımdır”,-Ağacanyan bu gün oktyabrın 30-da büdcə müzakirələri zamanı deyib.

O, əlavə edib ki, problem həm də baş nazirin təyyarəsinə xidmət edən pilotların müvafiq lisenziyasının olmamasındadır. “Bununla belə artıq yeni təyyarənin alınması məsələsinə baxılır”,-Ağacanyan deyib.

Ermənistan rəhbərliyi hazırda xarici səfərlər üçün “Airbus 320” təyyarəsindən istifadə edir. Bu, kiçik və orta məsafələr üçün nəzərdə tutulmuş laynerdir. Bundan əvvəl xəbər verilmişdi ki, layner prezident aparatının balansından çıxarılıb. Çünki Ermənistan prezidentinə ayrılan büdcə təyyarənin saxlanılması və ona xidmət göstərilməsi üçün ayda 20 min dollar ödəməyə imkan vermir.

Paşinyan isə xarici səfərlərində bir neçə dəfə kirayə götürülmüş özəl təyyarədən istifadə edib.