Paşinyan Sarkisyan-Koçaryan koalisiyasını çökdürməkdə israrlıdır - TƏHLİL

03/01/2019 - 18:34 871 0   0  

Qondarma Dağlıq Qarabağ Respublikası ilə Paşinyanın yeni Ermənistanı arasında gərginlik pik həddə çatıb. Növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Sarkisyan-Koçaryan koalisiyasını çökdürməkdə israrlıdır. İstirahət günlərində separatçıların lideri Bako Saakyan Ermənistanın yeni rəhbərliyinin əleyhinə daha bir addım atıb. B.Saakyan Xankəndidə Ermənistan parlamentinin sədri, Serj Sarkisyanın Respublikaçılar Partiyasının hakimiyyətdəki sonuncu ən yüksək vəzifəli nümayəndəsi olan Ara Babloyanı qəbul edib. Saakyan Babloyanla təkbətək və genişləndirilmiş tərkibdə görüş keçirib. Görüşlərdən sonra Saakyan bir müddət sonra spiker vəzifəsini itirəcək Babloyanı "Mesrop Maştots” ordeni ilə təltif edib. Bu, son iki həftə ərzində Saakyanın rəhbərlik etdiyi separatçı rejimin Paşinyan hökumətinə qarşı ikinci addımıdır. Belə ki, bundan öncə qondarma rejimin "parlamenti” Koçaryanın azadlığa buraxılması tələbi ilə çıxış edib. Sənədə üç partiya – "Azad vətən”, "demokratik”, "88 hərəkatı” səs verib. Ümumilikdə Koçaryanın azadlığını tələb edən "deputatlar”ın sayı 23 nəfər olub. "Demokratik partiya”ya hazırkı spiker Aşot Qulyan, "azad vətən partiyası”na isə keçmiş "baş nazir” Araik Arutyunyan rəhbərlik edir. Arutyunyan həmçinin separatçı rejimdə "boz kardinal” kimi tanınır. Belə ki, bir müddət əvvəl mətbuat, Paşinyanın Saakyanın yerinə məhz onu separatçı rejimə rəhbər gətirmək istədiyi haqqında məlumat yayıb.

Ermənistanın özündə də hərbi xunta tərəfdarlarının, daha dəqiq desək, Koçaryanın tərəfdarlarının aktivləşməsi hiss olunur. Paytaxt Yerevanda Xarici İşlər Nazirliyinin binasına Robert Koçaryanın tərəfdarları tərəfindən "Prezidentə azadlıq #novendetta, #freepresent” yazıları yerləşdirilib. Ermənistan XİN-dən bildiriblər ki, bu yazının nazirliyə heç bir aidiyyəti yoxdur. Bundan əvvəl isə Koçaryan tərəfdarları "prezidentə azadlıq” şüarı il etiraz aksiyası keçiriblər. 
Öz növbəsində "1in.am” saytında dərc olunan "Qarabağı Ermənistana qarşı kimlər qaldırır və yaxud Koçaryanın DQR-də növbəti qəsdi” başlıqlı məqalədə müəllif Sarqis Arçruni belə bir sualla çıxış edir: Nə üçün Vladimir Putin Robert Koçaryan həbsxanada ola-ola, yenə də onu sevir, özünün ən yaxın dostu sayır, hətta ona ad günü təbrikləri göndərir? Yeni seçilən parlamentin deputatı Ovanes İgityan hesab edir ki, bütün bunların kökündə maliyyə dayanır. Robert Koçaryan üçün Ermənistan pul qazanmaq yeri olub. Rusiyaya getməsinə səbəb orada yığdığı milyonları xərcləmək olub. "Putin Koçaryanın timsalında Ermənistanın deyil, Rusiyanın maraqlarını hər şeydən üstün tutan, vətənpərvər bir adamı görür”, - deyə sayta açıqlamasında deputat bildirib. Nəşr yazır ki, İgityanın təsvir etdiyi bu obraz Koçaryanı tam əks etdirmir. Çünki, Putin Koçaryana daha qlobal məsələdə borcludur. Koçaryan və Putinin qəlbən qohumluğu onların mental birliyindədir. Bu birliyin əsası 1998-ci il 27 oktyabr cinayətində qoyulub. Həmin gün Ermənistanda Rusiyadan asılılığın əsası qoyuldu. Məhz bu vəziyyət də Putini narahat edir. Hesab edir ki, 1 mart hadisələri ilə bağlı Koçaryan barəsində çıxarılan uzunmüddətli həbs qərarı 27 oktyabr cinayətinin üstünü aça bilər. Bu isə sonda Rusiya üçün regional nüfuz məsələsində ciddi nəticələrə gətirib çıxara bilər. Robert Koçaryan ictimaiyyət tərəfindən çoxdan bəri cinayətkar kimi qəbul olunur. Məhz onun adı ilə qarət, terror, qətllər və işgəncələr bağlıdır”. Məqalə müəllif əlavə edir ki, belə bir şəxsə separatçı bölgədən dəstək çağırışları təəccüb doğurur: "Siyasi partiyaların Koçaryanı müdafiə müraciəti anlaşılan deyil. Koçaryan adıçəkilən qurumun qurulmasında hansı xidmətləri göstərib? Bəlkə onun prezidentliyi dövründə Qarabağda xanlıq sisteminin formalaşmasını demək istəyirlər? Bu sistem Qarabağ xalqının tamamilə müflisləşməsinə gətirib çıxarıb. Bu şəxs rəsmən fəraridir - Ermənistanın baş naziri olmaq üçün Xankəndindən Yerevana qaçıb. Robert Koçaryan Ermənistanda milyonlarla dollar qarət edib, Qarabağ iqtisadiyyatına bir sent belə qoymayıb. Məhz onun özünəvurğunluğu nəticəsində Xankəndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalıb. Bu necə "böyük xidmətlər” göstərmiş şəxsdir ki, məhz onun idarəçiliyi dövründə 27 oktyabr və 1 mart gülləboranı olub. Biz əminik ki, Qarabağ cəmiyyəti, adi insanlar Koçaryana Ermənistandakı kimi neqativ yanaşırlar. Qarabağ elitası- Ermənistanın dağılan kriminal-oliqarxik sisteminin komponentlərindən biridir. Onlar DQR adı ilə spekulyasiyalar edərək, iki "erməni dövləti” arasında qarşıdurma yaratmağa və əvvəlki sistemin siyasətini davam etdirməyə cəhd göstərirlər”. Müəllifin qənatəincə, bugünkü Qarabağda proseslər Robert Koçaryan-Serj Sarkisyan cütlüyü və yaxud Moskvadakı dairələr tərəfindən idarə oluna bilər. Məhz bu məlum qüvvələrin sifarişi ilə növbəti biabırçı bəyanat qəbul edilib. Bütün bunlar isə Qarabağda tez bir zamanda islahatların aparılmasını zəruri edir. Yeri gəlmişkən, bu fonda Paşinyana yaxın şəxslərin Koçaryana qarşı ittihamlarının artması da müşahidə olunur. 1999-cu ildə Ermənistanın baş naziri olmuş Aram Sarkisyan bu xüsusda maraqlı fikirlər səsləndirib. Koçaryanı ittiham edən bu şəxs bildirib: "Hər kəsin nə qədər biliyə sahib olması, onun nə qədər qabiliyyətli olmasını müəyyən edir. Oxumağı sevməyən, iqtisadiyyatda heç bir təcrübəsi olmayan Koçaryan ölkənin əmlakını vəhşicəsinə talan etdi”. O, Koçaryanın 1999-cu il Ermənistan parlamentinin gülləboran edilməsi ilə bağlı yazdığı "Həyat və azadlıq” kitabını da tənqid edib. Sarkisyan, Koçaryanın parlament sədri Karen Dəmirçiyanın öldürülməsi ilə yadda qalan hadisəni təhrif etdiyini bildirib və onu bu cinayətə görə ittiham edib: "Həmin dönəmdə siz hökumətin bütün üzvlərinə nifrət edirdiniz. Ən yaxın dostlarınıza belə... Təkcə Serj Sarkisyana güvənirdiniz. Çünki siz qorxurdunuz”.
Beləliklə, gəlinən qənaət budur ki, 2019-cu ildə separatçı qurumla Paşinyan hökuməti arasında qarşıdurma güclənəcək. Kimin bu qarşıdurmadan qalib çıxacağını proqnoz etmək çətin olsa da, hər halda, separatçı qurum tez sınana oxşamır. Nəzərə alaq ki, onun tərəfində Rusiya durur. \\kaspi.az\\