​Paşinyan Rusiyaya gedir: Zasın təyinatı təsdiqlənəcək

27/12/2018 - 10:50 8 017 0   0  

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Rusiyaya rəsmi səfər edəcək. 

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Tərəflər arasında danışıqların gündəliyində Rusiya qazının qiyməti, Rusiya-Ermənistan arasında postsovet məkanında mövcud olan təşkilatlarda, xüsusilə Avrasiya İqtisadi Birliyi və Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkialtı (KTMT) çərçivəsində əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri müzakirə ediləcək. Həmçinin, KTMT baş katibinin təyin edilməsi məsələsi də gündəmdə olacaq. 
Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Qırğızıstan Respublikası prezidenti Soronbay Jeenbekovun təlimatına uyğun olaraq təşkilatın katibliyi Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın KTMT-nin baş katibi təyin olunması haqqında qərar layihələrini hazırlayaraq üzv dövlətlərə göndərib. 
Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın bu posta namizədliyinin razılaşdırılması proseduru onun dekabrın 12-dən 20-dək KTMT-yə üzv olan hər bir dövlətin başçısı ilə keçirdiyi şəxsi görüşlər yolu ilə təşkil edilib. Zasın KTMT-ya baş katib təyin olumasını Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan istisna olmaqla təşkilata üzv olan bütün ölkələrin rəhbərləri təsdiq edib. 
Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.