Paşinyan Rusiyadan əliboş dönüb

28/12/2018 - 18:21 1 651 0   0  

Rusiya və Ermənistan 2019-cu il üçün qaz qiymətləri məsələsində razılığa gələ bilməyib.

Rusiya Federasiyası prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin dekabrın 27-də Moskvada keçirilən görüş zamanı 2019-cu il üçün təbii qazın qiymətləri məsələsidə razılığa gələ bilməyiblər.

“Məlumat vermək istəyirəm ki, Rusiya qazı ilə bağlı hələ hər hansı razılığa gəlinməyib. Lakin mən hələ də nikbin əhval-ruhiyyədəyəm və arzu olunan nəticənin əldə olunacağına, ya da ən azı arzu edilməyən prosesin baş verməyəcəyinə ümidliyəm”, - deyə Nikol Paşinyan özünün “Facebook” səhifəsindəki video-müraciətində deyib.

Ermənistan baş naziri təbii qaz məsələsinin ikitərəfli münasibətlərin ən həssas nöqtələrindən biri olduğunu vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bununla bağlı müzakirələrin sürətlənəcəyini deməklə kifayətlənib.

Kreml nümayəndəsinin sözlərinə görə, bu müzakirələrin bitmə müddəti də müəyyən olunub. “Bəli, belə bir vaxt qoyulub və biz seytnot (vaxt çatışmazlığı-red.) vəziyyətindəyik".

Qeyd olunur ki, Rusiya Ermənistana bu ilin dekabrın 31-nə qədər müəyyən olunan qiymətlə hər min kubmetrə görə 150 dollara təbii qaz satır. Lakin “Qazprom Armeniya” şirkəti isə öz qiymətini və əlavə dəyər vergisini də üstünə gələrək onu orta hesabla 255 dollara paylayır.

Ermənistanın indiki hakimiyyəti ikiqat satışdan narazılıq edir. Lakin, görünür, ermənilər bu davranışla “qaş düzəltdikləri yerdə göz çıxara da” bilərlər.