“Paşinyan rekordçu olmaq istəyir…” – Müxalifət baş naziri Moskva səfərinə görə lağa qoyub

28/12/2018 - 16:56 1 135 0   1  

Əksər müşahidəçilərin fikrincə, Nikol Paşinyanın Moskvaya son səfəri Vladimir Putinin onu təbrik etməsindən başqa hər hansı ciddi nəticə verməyib. “AzPolitika” xəbər verir ki, Ermənistanın keçmiş hakim partiyası olan Respublika Partiyasının mətbuat katibi və parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov Paşinyanın son Moskva səfərini əhəmiyyətsiz adlandırıb.

E.Şarmazanov deyib ki, N.Paşinyanın hakimiyyətə gəlişindən sonra Rusiya-Ermənistan münasibətlərində hər hansı inkişafdan söhbət gedə bilməz. Tərəflər arasındakı siyasi dialoq isə yalnız erməni tərəfinin səsləndirdiyi “sağlıqlardan” uzağa gedə bilməyib.

Sabiq vitse-spiker Moskvada nə KTMT, nə də Qarabağ məsələsində hər hansı anlaşmanın, irəliləyişin olmadığı üçün Paşinyanın səfərini mənasız hesab edib:“Nə KTMT, nə də Qarabağ məsələsi üzrə anlaşma əldə olunmayıb. Sual yaranır – o, Moskvaya nə üçün uçub? Dövlətin vəsaitlərini nə üçün xərcləyib? Moskvanı ən çox ziyarət edən liderlər arasında rekordçu olmaq, ilk üçlüyə daxil olmaq istəyir?”

N.Paşinyanı lağa qoyan E.Şarmazanov onun Moskva səfərində heç bir xeyir görmədiyini söyləyib: “Ümumiyyətlə bu necə mümkündür ki, dünyanın ən nüfuzlu siyasətçilərindən birilə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin prezidentilə görüşəsən və Qarabağ məsələsini müzakirə etməyəsən…”