"Parlamentdə deputat olub danışmamağın özü ayıbdır" - QALMAQAL

07/02/2019 - 16:56 2 155 0   0  

Milli Məclisin üzvü Hacı Madər Musayev qalmaqal yaradacaq açıqlama ilə çıxış edib. 

Deputat həmkarı Siyavuş Novruzovun “Deputatların çoxu baş verən hadisələrə münasibət bildirmir, susur” açıqlamasına münasibət bildirib. Qeyd edək ki, məsələyə Milli Məclisin spikeri Oqtay Əsədov reaksiya verərək deputatların Azərbaycana qarşı yönələn təxribatlara yetərincə cavab vermədiklərini deyib. Madər Musayev isə hesab edir ki, yaxşı, məntiqli, lazım olan yerdə danışmaq vacibdir. 
“İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, həqiqətən, adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə üçüncü oxunuşda danışmaq lazım deyil, amma onda da danışırlar. Həvəskardırlar danışmağa. Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki, zərurət var, sözümü deməliyəm, o zaman deyəcəyəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, altı dəfə məni seçməsinlər. Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər”, - deyə deputat bildirib.
Açıqlamada digər maraqlı məqam isə Hacı Madərin növbəti dəfə də deputat seçiləcəyini indidən elan etməsidir. Qeyd edək ki, hazırkı Milli Məclis 5-ci çağırışdır. 6-cı çağırış Milli Məclisə seçkilər 2020-ci ilin noyabr ayında keçiriləcək.
Hacı Madərin bu açıqlaması indiyə qədərki susqunluğuna bəraət qazandırması kimi şərh olunur. Əgər deputat danışmaqla yox, danışmamaqla mandatını qorumağa cəhd edirsə, deməli gələcəkdə Azərbaycan hər hansı çətin vəziyyətlə qarşı-qarşıya gələcəyi təqdirdə də susqunluğunu qoruyub saxlayacaq.
“Susmaq qızıldır” hesabı ilə hərəkət edən deputat hansısa qanunun müzakirəsində, yaxud ölkə əhəmiyyətli məsələlərdə də danışmayacaqsa, ortaya mövqe qoymayacaqsa, bəs o zaman Milli Məclisdə niyə təmsil olunur?
Tanınmış jurnalist Azər Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında deputatın dediklərini “utancverici” adlandırıb. A.Həsrət hesab edir ki, parlamentdə deputat olub danışmamağın özü ayıbdır: 
“Kimliyindən asılı olmayaraq parlamentə düşmüsənsə, danışmalısan. Özü də təkcə parlament tribunasında deyil, ictimaiyyət və seçicilər qarşısında, mediada, xarici ölkələrdə danışmalıdır. Deputatlığın fəlsəfəsi bundan ibarətdir. Hacı Madər parlamentə 6 dəfə seçilib, bunu hələ anlamayıbsa, sadəcə olaraq təəssüf edirəm. Hacı Madər o sözü deyirsə, çıxıb parlament tribunasından Milli Məclisin sədri Oqtay Əsədova desin. Hətta Oqtay Əsədov özü axırda dilə gəlib dedi ki, deputatlar lazım olan reaksiyanı vermirlər. İstərdim ki, Hacı Madər ona da bunları desin. Digər tərəfdən, Azərbaycanın üzərinə Avropa Parlamenti, müxtəlif beynəlxalq təşkilatlar, bəzi dövlətlərin strukturları gəlirsə, bunun günahkarı elə Hacı Madər kimi danışmamağa üstünlük verən deputatlardır. Neçə illərdir deyirəm ki, parlamentdəki kürsünü boşuna zəbt etmək olmaz, ora müqəddəs bir yerdir. Parlamentdə oturan hər bir kəs Azərbaycan dövlətinin təəssübünü çəkməlidir. Deputat dövlət üçün gecə-gündüz çalışıb, iş görməlidir. Əgər özü iş görə bilmirsə, bizim kimi iş görənlərə dəstək verməlidir. Bu adamın isə nə özləri iş görürlər, nə də görülən işə dəstək verirlər. Üstəlik də xalqa minnət qoyurlar. İndi millət seçib də, düşünüb ki, bir işə yarayacaqsan. Susursunuzsa, sonadək susun, heç olmasa, bu cür danışmayın. Düşünürəm ki, növbəti seçkidə, bu cür adamlar Milli Məclisə seçilməməlidir. Parlamentə normal danışan, Avropa təşkilatlarının qarşısına çıxa bilən şəxsləri seçmək lazımdır. Yoxsa, bu cür adamlar gəlib orada otururlar, 5 ildə 1 dəfə danışırlar, onda da millətə belə minnət qoyurlar. Azərbaycanın başına gələn bəlaların 90 faizi bu cür deputatların üzündən olur”.
Azər Həsrət qeyd edib ki, Hacı Madərin açıqlaması millətin iradəsi, hissiyyatı ilə oynamaqdır: 
“Əvvəlcə, Hacı Madər hesabat versin ki, 5 çağırış Milli Məclisdə oturub nə iş görüb? Tutaq ki, Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında, ATƏT-in Parlament Assambleyasında, ayrı-ayrı ölkələrin parlamentlərində hansı iş görmüsən, hansı əlaqələr qurmusan, hansı sənəd sənin təşəbbüsünlə Azərbaycana fayda gətirib, hansı siyasətçiləri Azərbaycana gətirib təbliğat işi qurmusan? Əvvəlcə bunun hesabatını ver, sonra 6-cı dəfə deputat olmağa iddia elə. Bu cür danışmaq həqiqətən də ayıbdır. Bilmirəm, bu adamlar belə danışanda nə düşünürlər? Sadəcə olaraq bunların yerinə utanıram”.