PALATA 3 BANKA XƏBƏRDARLIQ EDİB – “Təhlükəli zonada” olan banklardan nə tələb edilir?

25/01/2019 - 17:54 11 734 0   0  

“AzPolitika.info”ya daxil olan məlumata görə, Azərbaycanın 3 bankına Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xəbərdarlıq edilib. Bu bankların “Amrahbank”, “Turan Bank” və “NBC Bank” olduğu bildirilir. Qeyd olunur ki, bankların 2018-ci ilin yekunlarına aid hesabatlarında əks olunan nəticələr qənaətbəxş deyil. Bu üzdən sözügedən banklardan maliyyə göstəricilərini yaxşılaşdırmaları tələb olunub.
Məlumat üçün bildirək ki, doğrudan da adıçəkilən bankların maliyyə nəticələrinə nəzər yetirdikdə, onların məcmu kapital, depozit portfeli, xalis mənfəət və digər pozisiyalarda gerilədikləri, bəzi hallarda isə kəskin azalma və kiçilmə faktı ilə üz-üzə qaldıqları görünür.

“Amrahbank” ən riskli banklardan biridir

Məsələn, “Amrahbank”ın maliyyə göstəriciləri onu deməyə əsas verir ki, 2018-ci ilin üçüncü rübündə bankın faiz gəlirləri 5 milyon 975 min 567,17 manat olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. 2017-ci ilin 3-cü rübündə bankın faiz gəlirləri 10 milyon 382 min manat təşkil edib. Prudensial normativləri ödəyə bilməyən “Amrahbank”ın göstəriciləri bankın gələcəyinə dair optimist olmağa imkan vermir.

1532348008_em

Bankın xalis valyuta əməliyyatları üzrə gəlirləri 1,8 dəfə azalıb. “Amrahbank” sözügedən dövrdə valyuta əməliyyatlarından 2 milyon 736 min manat xalis gəlir əldə edib. Halbuki, ötən ilin eyni dövründə bank bu pozisiya üzrə 4 milyon 914 min manat qazanmışdı.

Bankın həmin dövrdəki zərəri isə illik müqayisədə 1,7 dəfə artaraq 10 milyon 282 min manat olub. Həmçinin, “AmrahBank”ın 2018-ci ilin üçüncü rübünün balans hesabatına əsasən, bankın cəmi aktivləri 207 milyon 43 min manat təşkil edib. Bu göstərici 1 illik müqayisədə 12 faiz “ərimə” deməkdir. Bankın “Nostro” hesabları illik müqayisədə hətta 7,4 dəfə azalaraq, 4 milyon 517 min manata düşüb. Nağd vəsaitlərin həcmi isə cəmi 14 milyon 666 min manat təşkil edib.

Bununla yanaşı, “Amrahbank” Mərkəzi Bankın məcmu kapitalla bağlı qoyduğu tələbi də heç cür ödəyə bilməyən 3-4 bankdan biridir. Bu göstərici üzrə Azərbaycanda fəaliyyət göstərən bankların arasında “Pakistan Milli Bankı”ndan sonra ən zəif bank olan “Amrahbank”ın məcmu kapitalı 25 milyon manat civarındadır. Bu isə tələb edilən 50 milyon manatdan 2 dəfə azdır. Bu cür riskli vəziyyətdə olan bankdan maliyyə göstəricilərinin yaxşılaşdırılmasının tələb edilməsi təbii haldır…

“TuranBank” cəmi 70 min qazanıb…

“Turan Bank” da ötən ilin maliyyə göstəricilərinə görə həsəd aparılası vəziyyətdə deyil. Bankın 2018-ci ilin yekunlarına aid hesabatı göstərir ki, bu bank əvvəlki illərdə uğradığı zərərləri qapatmaqda ciddi çətinlik çəkir. Belə ki, bank 2018-ci ildə cəmi 70 min manat xalis mənfəət əldə edə bilib. 2017-ci ili isə “Turan Bank” ümumiyyətlə, ziyanla başa vurmuşdu. Təbii ki, bir bank üçün 70 min manat qazanc olduqca simvolik, hətta ironik bir rəqəmdir.

443b4232-5e67-49b0-9f99-a7659c54602b

Eyni zamanda, bu, ondan xəbər verir ki, 2018-ci ildə manatın sabitliyini saxlaması və inflyasiya səviyyəsinin yüksək olmamasına rəğmən, bank bu mühitdən səmərəli istifadə edə bilməyib. Nəticədə bank 2018-ci ili cəmi 70 min manat xalis mənfəətlə başa vuraraq, 2017-ci ildəki 725 min manat zərəri qapada bilməyib.

“Turan Bank”ın aktivlərində də azalma müşahidə olunub. Bankın 2018-ci ilin sonuna cəmi aktivləri 492, 606 min manat, cəmi öhdəlikləri isə 433, 473 min manat təşkil etdiyi halda, ilin əvvəlində cəmi aktivləri 495, 054 min manat, cəmi öhdəlikləri isə 436, 114 min manat olub.

Bankın balans kapitalında isə ilin yekununda cüzi dəyişiklik, dəqiq desək, 193 min manatlıq artım müşahidə olunub və bu göstərici ilin əvvəlində 58 milyon 940 min manat olduğu halda, ilin sonunda 59 milyon 133 min manata çatıb. Ancaq bu göstərici eyni zamanda, ötən ilin 2-ci rübünün nəticələrilə müqayisədə bankın balans kapitalının az qala 1 milyon manata yaxın – 815 min min manat azaldığını da ortaya qoyur. 2-ci rübün nəticələrinə görə “Turan Bank”-ın balans kapitalı 59 milyon 948 min manat olduğu halda, üçüncü rübdə 58 milyon 995 min manata qədər enib. 4-cü rübdə balans kapitalı cəmi 138 min manat artsa da, 2-ci rübün göstəricisinə çata bilməyib. 2-ci rübün nəticələrinə görə, Azərbaycandakı bankların sırasında 19-cu yerdə olan “Turan Bank” 3-cü rübdə 21-ci yerə enib.

“NBC Bank”ın mənfəəti kəskin azalıb

“NBC Bank”ın vəziyyətinin digər üç bankla müqayisədə yaxşı olmasına baxmayaraq, onun da mənfəəti 2017-ci illə müqayisədə 2.5 dəfə azalıb. “NBC Bank” ötən il 1 milyon 150 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır. İl ərzində bankın faiz gəlirləri 17 571 min manat, qeyri-faiz gəlirləri 3 386 min manat, faiz xərcləri 11 023 min manat, qeyri-faiz xərcləri 7 660 min manat, aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları isə 1,124 min manat təşkil edib.

NBC-Bank000-696x409

Eyni zamanda, bu bankın məcmu kapitalı tələb olunan normadan yüksək olsa da, “NBC Bank” bu göstərici üzrə 30 bank arasında 21-ci yerdədir.

Göründüyü kimi, adıçəkilən bankların maliyyə göstəriciləri Azərbaycanın bank sektorunun vəziyyətinin hələ lazım olan səviyyənin xeyli altında olduğundan xəbər verir. Və qeyd edək ki, qənaətbəxş durumda olmayan banklar təkcə bunlar deyil. Bu siyahıya “AGBank”, “Muğanbank” və digər bir neçə bankı da əlavə etmək olar. Görünür, belə bankların ümumilikdə ölkənin bank sektoru üçün ciddi risklər yaratdığı qənaətinə gələn Maliyyə Bazarlarına Nəzarət Palatasının onlara xəbərdarlıq etməsi əsassız deyil. Və problem təkcə açıqlanan rəsmi hesabatlardakı mənfi rəqəmlərlə də məhdudlaşmır…