"Özü qaçıb, arvadı da falçıdır" - icra başçısının həbsdə olan adamı ifadə verdi

23/01/2019 - 18:24 1 909 0   0  

Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.

Suveren.az Musavat.com-a istinaden xəbər verir ki, Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclasına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində təqsirləndirilən Ağaqədir Osmanov sərbəst ifadə edib. Osmanov ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.
Şamaxıda gördüyü işlərdən danışan A.Osmanov söyləyib ki, 13 ildir Şəhriyar qəsəbəsində çalışıb: "Mənim arayışımla hansı bankdan pul alınıb? Heç nəyi saxtalaşdırmamışam. O, öz torpağını satıb, çıxıb xaricə gedib. Bu, prokurorluq əməkdaşı Tural Kərimov tərəfindən qondarma ittihamdır. Həmin şəxs hazırda prokurorluq orqanından uzaqlaşdırılıb. Tural Kərimov 3 nəfər qondarma zərərçəkmiş və şahidləri üzümə qoydu. Mən heç kəsə ziyan vurmamışam".
A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib: "Çünkü onun mənə qarşı pirinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatla bağlı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi".
A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır: "Onun arvadı da falçıdır. Bildiyim qədəri ilə Məlikcan hazırda Qazaxıstanda yaşayır".
Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Növbəti məhkəmə iclası yanvarın 30-na təyin edilib.
Ağaqədir Osmanov həbs edilən zaman Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb. Bundan əvvəl isə rayonun daha bir neçə qəsəbəsində icra nümayəndəsi işləyib.
Bildirək ki, Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir. İş üzrə 4 nəfər zərərçəkmiş var. A.Osmanov vətəndaşlara torpaq satacağı vədi ilə onlara qarşı dələduzluq edib.