Orduda qeyri-döyüş itkiləri artıb, “gizlədilmiş” itkilər üzə çıxıb... - SƏNGƏRİN O TAYINDA

02/01/2019 - 14:57 2 608 1   0  

Ermənistanda insan haqları müdafiəçiləri 2018-ci il ərzində orduda qeyri-döyüş itkilərinin artdığını bildirir və ictimaiyyətdən “gizlədilmiş” itkiləri açıqlayır.

Virtualaz.org “Kavkaskiy uzel”ə istinadən xəbər verir ki, hüquq müdafiəçiləri Artur Sakunts və Janna Aleksanyan ordudakı qeyri-döyüş itkilərinin artmasını komandanlığın cəzasızlığında, texniki və tibbi xidmətlərin pis hazırlığında görür.
Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, son vaxtlar təmas xəttində gərginlik azalıb və nəticədə döyüş itkiləri də qeydə alınmır.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə 2018-ci ilin 9 ayı ərzində Ermənistan ordusunda və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin sıralarında 44 itki qeydə alınıb.Bunlardan 19-u Ermənistan Müdafiə Nazirliyinin hissələrinin payına düşüb, 21-i isə Dalıq Qarabağ “ordusunda” baş verib. Qalan 4 hərbçinin barəsində məlumatlar konkretləşdirilmir.
Habelə hüquq müdafiə təşkilatının hesabatına əsasən cəmi 34 halda hərbçilərin ölümü barədə informasiyalar KİV-lərdə dərc edilib və ya rəsmi mənbələr tərəfindən açıqlanıb. Qalan hallarda hərbçi ölümləri ictimaiyyətdən gizli qalıb.
Açıqlanan ölüm hallarından 27-i döyüş növbətçiliyi ilə bağlıdır. Belə ki, 7 hərbçi Qarabağda, 1-i Azərbaycan-Ermənistan sərhədində atışmada ölüb. Qalanlar isə qeyri-döyüş itkiləridir. Qeyri-döyüş itkiləri arasında 8 intihar və 5 qəsdən öldürmə halı qeydə alınıb.
2017-ci ilin ilk 9 ayında isə Ermənistan silahlı qüvvələrinin sıralarında 50 ölüm halı qeydə alınmışdı ki, onlardan 21-i döyüş itkiləridir. Qalan itkilərdən 5-i xəstəlik, 8-i avtomobil qəzası hesabına baş verib. 2018-ci ilin analoji dövründə isə xəstəlikdən 9, qəzalarda isə 11 erməni hərbçisi ölüb.
Artur Sakunts qeyd edir ki, bu bil ərzində qeyri-döyüş itkilərinin artması ordunun texniki hazırlığının və tibbi imkanlarının aşağı səviyyədə olması ilə əlaqədardır. Onun sözlərinə görə, Ermənistanın yeni hökumətinin qeyri-döyüş itkilərini azaltmağa yönəlmiş hansısa addımlar atdığına dair məlumat yoxdur. Habelə hüquq-müdafiəçisi orduda intizamın aşağı olduğunu qeyd edib.
Digər hüquq müdafiəçisi Janna Aleksanyan isə deyir ki, “məxməri inqilabdan” sonra Müdafiə Nazirliyində ancaq nazir dəyişib, orduda real dəyişikliklər isə hələ görünmür.
Onun sözlərinə görə, qeyri-döyüş itkilərinin əsas səbəbi komandan heyətinin cəzasızlığıdır. “Məsələn, elə hərbi hissə var ki, 3-4 belə itki qeydə alınıb, amma komandiri hansısa məsuliyyətə cəlb olunmayıb. Qətllərlə bağlı hallarda ancaq günahkar cəzalandırılır, komandan heyəti isə cəzasız qalır”-Aleksanyan deyib.