“Onlar müsəlman Şərqində sabit, inkişaf edən ölkə istəmirlər” - deputat

24/01/2019 - 09:44 1 531 0   1  

2013-cü ildə təsis olunan Milli Şura bu günə kimi bircə dəfə “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirməyib. Geridə qalan 5 ildə MŞ Bakı meriyasına Qarabağ mitinqi üçün yer ayrılmasına görə müraciət etməyib.

Yalnız azad seçki, demokratiya, siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən ayrı-ayrı mitinqlərdə stadionda “Qarabağa azadlıq” şüarları səsləndirilib.
Qarabağ Komitəsi də iqtidarı qınayır ki, bizim Qarabağ mitinqi keçirməyimizə icazə verilmir, amma Milli Şuranın “Mehmana azadlıq” tələbi ilə 19 yanvar aksiyasına razılıq verilir. Yeri gəlmişkən, ADP sədri Sərdar Cəlaloğlu bu ayrı-seçkiliyin ruspərəstlərin maraqlarına uyğun olduğunu açıqlamışdı.
Onun fikrincə, “5-ci kolon” 20 Yanvarı, Qarabağı unutdurmaq üçün torpaqların azadlığı tələbi ilə keçirilməsi nəzərdə tutulan mitinqlərin sanksiyalaşdırılmasına icazə vermir, “Siyasi məhbuslara azadlıq” aksiyasına yer ayırır, rus qoşunlarının cinayətini arxa plana keçirir.
Bununla bağlı Xocalıdan olan millət vəkili Elman Məmmədov “Yeni Müsavat”a bildirdi ki, əvvəlcə prezidentin bloger Mehman Hüseynov barədə tapşırığı alqışlanmalıdır: “Azərbaycan dövləti və onun başçısı vətəndaşının yanındadır. İlham Əliyev prezident fəaliyyətinə başlayan gündən əfv fərmanları, amnistiya aktları imzalayıb.
Bu məsələdə də ölkə başçısı humanistliyini bir daha nümayiş etdirdi. Mehmanın atasının qocalığını, özünün isə gənc olmasını nəzərə aldı. O baxımdan prezidentin tapşırığı və hüquq-mühafizə orqanlarının qərarı təqdir edilməlidir.
Təbii ki, həyatdır, hamının səhvi olur. Mehman cavan oğlandır, peşə fəaliyyəti ilə bağlı nəsə etmişdi. Axırıncı məsələdə isə ağır tərkibli cinayət yox idi və barışığa dəvət edildilər.
- Sizcə, Mehmanla bağlı qərarda müxalifətin mitinqinin təsiri oldu, yoxsa?
- Müxalifət Mehman məsələsindən məharətlə öz xeyrinə istifadə etməyə çalışırdı. Mehman müxalifət düşərgəsini təmsil eləmir. O, blogerdi, çəkiliş aparır.
Sadəcə, müəyyən qüvvələr bundan istifadə etməyə cəhd göstərirdilər. Bu qüvvələr həm Azərbaycanda, həm kənardaydı. Lakin gördülər ki, Mehmanı Qərb yox, prezident bağışladı. Avropa qurumları guya Mehmanı çox istəyirlər?
Onlar hazırlanmış adamlardır. Əgər Qərb təşkilatları Azərbaycan vətəndaşı üçün narahatdırsa, 30 ilə yaxındır 1 milyon insanın hüququ pozulub, niyə haray-həşir salmırlar, niyə qətnamə qəbul etmirlər?
Odur ki, bilin, Avropa Mehmanın dərdini çəkmirdi, öz maraqları var idi. Mehman isə cavandır, həyatı irəlidədir. Bundan sonra da inanıram ki, hüquq pozuntusunu yol verməyəcək.
Niyə Avropa Parlamenti Ermənistan əleyhinə qətnamə qəbul etməyib? Nə üçün Ermənistanın işğalçı siyasətinə görə bu dövlətə sanskiya tətbiq olunmayıb? Avropadakı həmin qüvvələr öz maraqlarına uyğun qərarlar qəbul edirlər.
- Onların Azərbaycanda məqsədləri nədir, yəni nə etmək istəyirlər?
- Hamı yaxşı bilir ki, Azərbaycanda öz qərəzli, məkrli siyasətini diktə etmək istəyən xarici qüvvələr var. Onlar müsəlman Şərqində sabit, inkişaf edən ölkə istəmirlər.
Türkiyənin başına gətirilənlərə nəzər yetirin. Fikirləşirlər ki, Azərbaycanda niyə sabitlik olmalıdır? Əgər Avropa insan hüquqlarından söz açırsa, öz vətəndaşlarının dərdini çəksin.
Fransadakı “sarı jiletlilər”in aksiyalarında 50 min nəfər tutulub. Deyək ki, hamısı qanunsuzluq edib, onların 50 nəfəri günahsız deyil? Bu hüquq pozuntularını demirlər, amma Mehmanı söyləyirlər. Fransada, Almaniyada olsa deməzlər. Çünki qərəzlidirlər.
Azərbaycanın müstəqil siyasətini qəbul etmirlər, əmin-amanlıq olmasını istəmirlər. Onlar istəyirlər ki, Azərbaycan “dirijor çubuğu” ilə idarə olunsun, bunların barmağı ilə oturub dursun. Əks təqdirdə, Azərbaycan Liviya, Suriya olsun.
- Xaricdə və daxildəki qüvvələrin Mehman işindən öz xeyrinə istifadə etdiyini dediniz, sizcə, Milli Şuranın hansı məqsədləri var idi?
- Milli Şura özünə sual verməlidir ki, Mehman sağ-salamatdır, müxalifətdə deyil, müstəqil blogerdi, bu həşir nəyə görəydi? İkincisi, Mehman bizi kimi Xocalıda soyqırıma məruz qalmayıb, ev-eşiyi dağıdılmayıb, yurd-yuvasından didərgin düşməyib. Bu zərəri çəkənlər bizik, bizi soyqırım ediblər, yaxınlarımızı itirmişik, əzizlərimiz işgəncə ilə öldürülüb. Qoy bizim hüquqlarımız üçün aksiya keçirilsin də. Görünür ki, Milli Şura kimlərinsə şəxsi mənafeyi naminə bu mitinqləri keçirir.