“Onlar məni də aldadıb” - İsfəndiyar Axundov ittihamlara cavab verdi

05/02/2019 - 13:41 3 064 0   0  

Ölkənin ən böyük tikinti maqnatlarından olan Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov haqqında ölkə mətbuatında yenidən ittiham dolu yazı dərc olunub. Virtualaz.org saytının yaydığı məlumatda qeyd edilir ki, Ş. İsfəndiyar öz çoxsaylı MMC, MTK-ları və partnyor-şəriklərinin köməyi ilə alıcılarını qarət etməkdə davam edir. Sayt yazıb ki, Şərurlu İsfəndiyarın və şirkətlərinin daha bir qazanc üsulu var -uydurulmuş hər hansı bəhanə ilə artıq praktik olaraq hazır, haqqı ödənilmiş mənzilləri onların əlindən almaq, özü də pullarını qaytarmadan.

Saytda aşağıdakılar qeyd edilib: “Bakı sakini Tariyel Seyidov və yaşayış binasının tikintisinə sərmayə qoyan daha bir neçə vətəndaş məhz bu cür fırıldaqçılığın qurbanı olublar. Necə olubsa, məskunlaşmadan az əvvəl mənzillər Şərurlunun qardaşı oğlu Eldəniz Axundovun adına yenidən qeydiyyatdan keçirilib. Məhkəməyə müraciət etmək, həmişəki kimi, kömək etməyib - məhkəmələr E. Axundovun həmin 14 mənzilə hüququnu tanıyaraq, bu soyğunu qanuniləşdiriblər.
Aldadılmış investorların virtualaz.org-a yazdıqları kimi, indi ev inşa edən və mənzil satan Hom-Paş Prestij MTK ilə Azərbaycanın baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məşğul olur.
Amma ümidini itirmiş insanlar artıq bu işin ədalətlə nəticələnəcəyinə inanmırlar. Baxmayaraq ki, dələduz təşkilatkarla danışmağın çəmini yaxşı bilən E. Axundov and-aman edib ki, mənimsənilən mənzillərə görə heç nə ödəməyib..."
Sayt iddia edir ki, Hom-Paş Prestij-ə İsfəndiyar Axundovun öz fırıldaqları ilə məşhur olan türk əsilli partnyoru Hikmət Yqiddel rəhbərlik edir.
Məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, yazılanlara dair heç bir məlumatı yoxdur:
“Kimin nə yazması barəsində məndə məlumat yoxdur. Ancaq onu deyim ki, Hom-Paş Prestij mənim özümü də aldadıb. Həmin şirkətin sahibi türk idi. Camaat kimi bizi də aldadıblar. Mənim də onlardan alacağım var. Camaatı aldadan həmin şirkətdir. O, hər kəsi aldadıb, eləcə də məni. Bu məsələdə mənim adımı hallandırmaq doğru deyil. Faktiki olaraq adıçəkilən MTK ilə bağlı məhkəmə prosesi gedir”.