Öcalanı başıtorbalı Türkiyəyə gətirən “Qara oğlan”: Şair siyasətçi-Dosye

05/11/2018 - 17:23 2 185 0   0  

Bu gün türk siyasi tarixinin ən böyük şəxsiyyətlərindən biri, sabiq baş nazir Bülənd Ecevitin ölümündən 12 il keçir.

Teleqraf.com onun dosyesini təqdim edir.

Bülənd Ecevit 1925-ci il mayın 28-də İstanbulda doğulub. Atası Kastamonu şəhərindən olan Fəxri Ecevit Ankara universitetinin hüquq fakultəsinin professor olub.

Anası Fatma Nazlı isə İstanbulda doğulub və rəssam olub.

Ecevit 1944-cü ildə Robert kollecini bitirib, mətbuat idarəsində tərcüməçi kimi işə başlayıb. 1946-cı ildə kollecdə birgə oxuduğu Rahşana Aralla ailə qurub.

Ecevit Ankara universitetinin hüquq, daha sonra dil, coğrafiya və tarix fakultəsinə qəbul olunsa da, təhsilini davam etdirmək niyyətindən vaz keçib. 1957-ci ildə Rokfeller Fondunun vasitəsi ilə ABŞ-a yollanana Ecevit Harvard universitetində 8 ay sosial psixologiya və Yaxın Şərq tarixi üzrə araşdırmalar aparıb.

Burada Ecevitin daim “müəllimim” deyə müraciət etdiyi Henri Kissincer Harvard universitetinin rektoru idi. Ecevit 1950-ci illərdə “Forum” dərgisinin yazarları sırasında yer alıb, 1965-ci ildə “Milliyət” qəzetində gündəlik yazılar yazıb, 1972-ci ildə aylıq “Azad insan”, 1981-ci ildə həftəlik “Arayış”, 1988-ci ildə aylıq “Göyərçin” dərgilərini çıxarıb.

 

Siyasi fəaliyyəti

1957-1980-cı illərdə əvvəlcə Ankara, daha sonra Zonquludağdan Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı olub. 1961-ci ildə hökumətdə əmək naziri vəzifəsini tutub, bu vəzifəni 1965-ci ilə qədər davam etdirib.

1965-ci ildə təkrar Zonquludağdan deputat seçilib. Bu seçkiləri Süleyman Dəmrəlin lider olduğu Ədalət Partiyası udub, CHP isə müxalifətdə qalıb. Məhz bu tarixdən sonra Ecevit “Ortanın solu” ideyasını mənimsəyib və bu ideyanın carçısı olub. Bu səbəbdən zaman-zaman kommunizmə görə ittiham edilib.

1971-ci ildə CHP-dən istefa verib. Bu istefa CHP lideri İsmət İnönünün 12 mart memarondumuna qarşı etiraz idi.

1972-ci ildə CHP-nin 5-ci qurultayında Bülənd Ecevitin daha çox səs qazanması səbəbindən İnönü partiyadan istefa verib. Beləcə 1972-ci ilin 4 mayında Ecevit CHP sədri olub. 1973-cü il seçkilərində ən çox səsi CHP-nin almasına baxmayaraq, hökumət qura bilməyən Ecevit 1974-cü ildə CHP-Milli Salamat Partiyası hökumətinin baş naziri olub.

Elə həmin ilin 20 iyulunda Kıprız Barış Hərəkatına realllaşdıraraq Kipr adasında türk soyqrımının qarşısını alıb.

1977-ci ildə Ecevitin qurduğu hökumət səs almayınca Süleyman Dəmirəl liderliyində Ədalət, MHP və MSP hökuməti qurulub.

1977-ci ildə Ecevit liderliyində CHP-nin aldığı 41 faizlik səs bu partiyanı təkbaşına iqtidara gətirməsə də, Türkiyə tarixində sol partiyanın ən çox səs alması kimi tarixə düşüb və Ecevit koalisiya hökumətinə 21 ay baş nazirlik edib.

 

3 dəfə həbs edilib

Bu dövrdə ölkədə müşahidə olunan gərginlik, sol-sağ ideologiyaların qarşıdurması, digər tərəfdən dövlət çevrilişi cəhdləri baş verirdi. Ecevitin 1979-cu il seçkilərininin uğursuzluğu da buradan qaynaqlanıb. Bu uğursuzluq Süleyman Dəmirəlin yenidən koalisiya hökuməti qura bilməsinə imkan verib. 1980-cı ilin 12 sentyabr dövlət çevrilişinin anti-demokrtik olduğunu bəyan edən Ecevit həbs olunub.

Ecevit 3 dəfə həbs edilib və üst-üstə 10 il siyasətlə məşğul olmamaq qadağasına məruz qalıb. Bu çalxalanma dövründə Ecevit yenidən jurnalistikaya qayıtmaq qərarını verib və 1981-ci ildə “Arayış” dərgisini çıxarmağa başlayıb. Amma qısa müddət sonra hərbçilərin lideri olduğu hakimiyyət onu qapadıb.

1985-ci ildə isə Bülənd Ecevitin adının yanında hər zaman xatırlanacaq hadisə baş verib. Bülənd Ecevitin siyasətlə məşğul olmasına rəsmi qadağa tətbiq edildiyi üçün Demokratik Sol Partiya (DSP) Rahşan Ecevitin sədrliyi ilə qurulub.1987-ci ildə Ecevit yenidən siyasətə qayıdıb, partiyanın sədri postuna keçib.

1987-ci ildə DSP seçki barajını keçə bilməyib. Bu səbəbdən Ecevit siyasətdən ayrılıb. Ancaq 1989-cu ildə keçirilən DSP-nin fövqəladə qurultayında partiya Ecevitin rəhbərliyə dönməsi və təşkilatı seçkilərə aparması haqqında qərar çıxarıb. Ecevit 1991-ci il seçkilərində təkrar Zonquldağdan deputat seçilib. Bu seçkinin nəticəsinə uyğun olaraq Süleyman Dəmirəlin baş nazirlyində yeni hökumət qurulub. Bu, CHP-də dəyişikliklərə səbəb olub, Dəniz Baykal partiya liderliyinə gəlib.

Dəmirəlin bu gedişləri həm də ölkədə güclü olan sol partiyaların parçalanması və zəifləməsinə hesablanırdı. Bunun qarşısını almaq üçün Ecevitin DSP və CHP-ni birləşdirmək cəhdləri uğursuz olub.

2002-ci il seçkilərində isə DSP sol düşərgənin ən güclü partiyası halına gəlib. Ecevit qurulan yeni hökumətdə əvvəlcə baş nazirin müavini, daha sonra azğınlıq hökumətində baş nazir vəzifəsini tutub.

1999-cu il seçkilərindən 2002-ci il seçkilərinə qədərki dövrdə də Ecevit qurulan hökumətdə baş nazir vəzifəsini tutmuşdu.

Ancaq 2002-ci il seçkilərdində DSP Ecevitin liderliyində barajı aşa bilməyib. Bu dövr həm də türk iqtisadiyyatında ciddi böhranın yaşandığı mərhələ idi. Ecvitlə Prezident Sezər arasında qarşıdurma vəziyyəti daha da kəskinləşdirdi. Yeni seçkilər təyin olundu. Seçkiləri Ərdoğan liderliyində Ədalət və İnkişaf Partiyası qazandı. Bülənd Ecevit bu hadisədən sonra yaşlanması, səhhətində problemlər yaranması səbəbindən siyasətdən birdəfəlik uzaqlaşmaq qərarını verdi.

Ölümü

Bülənd Ecevit 2006-cı ilin 18 mayında beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib. Altı ay müddətinə müalicə alıb. Noyanrın 5-də 81 yaşında vəfat edib. Onun dövlət məzarlığında dəfn edilməsi üçün noyabrın 9-da qanuna dəyişiklik edilib, noyabrın 11-də isə türk siyasətinin canlı əfsanəsi dəfn olunub.

Qeyd edək ki, türk siyasətində Ecevitin xüsusi rolu var. Ədəbiyyata bağlılığı onun siyasətə bağlılığı qədər təsir buraxıb. Klassik qərb və türk xalq musiqisinə sevən Ecevitə qarşı 6 dəfə sui-qəsd chdi edilib. 1973-cü ildə CHP-nin seçki təbliğatı çərçivəsində keçirdiyi görüşlərin birində yaşlı bir qadının “Qara oğlan hardadır, övladlarım, Qara oğlanı görmək istəyirəm” cümləsindən sonra Ecevit türk siyasi səhnəsində “Qara oğlan” kimi tanınıb.

1974-cü ildə Kipr adasında türklərin soyqrıma məruz qalmasının qarşısını almaqla, adaya ordu yeritmək əmrini verməklə və PKK lideri Abdulla Öcalanı Kenyadan həbs edərək Türkiyəyə gətirməklə adını siyasətə möhür kimi vurub.

Ecevitin ədəbiyyatla bağlı 1976-cı ildə “Şeirlər”, 1978-ci ildə “İşığı daşdan oydum”, 1997-ci ildə “Əl-ələ böyütdük sevgini”, 2005-ci ildə “Sabah bir şeylər olacaq” adlı kitabları nəşr edlib. Bundan başqa, siyasi mövzularda “Ortanın solu”, “Bu düzən dəyişməlidir”, “Atatürk və inqilabçılıq”, “Qurultaylar və sonrası”, “Xarici siyasət”, “Dünya, Türkiyə, Millətçilik”, “Ümid ili” adlı kitabları çap edilib.

Həmçinin bir neçə kitabı türk dilinə tərcümə edib.